
Daha çox Zəngəzur dəhlizi kimi tanınan “Tramp Marşrutu”nun işə salınması Qazaxıstan üçün yeni ixrac imkanları açır, eləcə də Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu barədə “Report”a qazaxıstanlı politoloq Talqat Kaliyev avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammitinin nəticələrini şərh edərkən bildirib.
“Qazaxıstana gəlincə, bu, Orta Dəhliz kimi alternativ ixrac marşrutlarının Zəngəzur dəhlizi üzərindən inkişafı məsələsidir”, – politoloq vurğulayıb.
O, Vaşinqtonda sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında imzalanan sənədləri “tarixi” sənədlər adlandırıb.
T.Kaliyevin fikrincə, bu sənədlərin Vaşinqtonda imzalanması çoxillik sülh prosesinin yekun mərhələsidir. “Trampın (ABŞ Prezidenti Donald Trampın sənədlərin imzalanması mərasimində iştirakı – red.) iştirakı sülhün təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. O, Bakı ilə İrəvan arasında bütün bu razılaşmaların gələcəkdə implementasiyası üçün məsuliyyəti öz üzərinə götürür”, – politoloq əlavə edib.
T.Kaliyev həmçinin hesab edir ki, bu proses “ən azı, Moskvanın Cənubi Qafqazdakı və ümumiyyətlə, postsovet məkanındakı proseslərə təsirinin azalmasının siqnaldır”.