
Bakı. Trend:
Fransanın məşhur avtomobil istehsalçısı “Renault” iki böyük
texniki qüsur səbəbilə yüz minlərlə avtomobili geri çağırmağa qərar
verib.
Trend xəbər
verir ki, geri çağırmanın səbəbi yanacaq xətti və mühərrik sızması
ilə bağlıdır.
İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil
“Renault Koleos” modelləri geri çağırılıb. “Renault” rəsmi olaraq 2
901 modeli geri çağırdığını təsdiqləyib. Mütəxəssislərin məlumatına
görə, bu modellərdə yanacaq ötürücü boruda potensial qüsur aşkar
edilib. Bu problem yanacaq xəttinin qismən ayrılmasına səbəb ola
bilər ki, bu da nasazlıq, dayanma və ya yanğın təhlükəsinə gətirib
çıxara bilər.
İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825
“Renault” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən
2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid və
plug-in hibrid modellərinə şamil ediləcək.
Ümumilikdə, 155 min 825 ədəd “Renault”un “Clio 5”, “Captur 2”,
“Arkana” və “Megane 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modeli
elektrik mühərrikində sızma probleminə görə yoxlamadan
keçməlidir.
Bildirilir ki, bu texniki müdaxilə və ehtiyat hissələrinin
dəyişdirilməsi tamamilə istehsalçının hesabına olacaq.