
Bakı. Trend:
İyul ayında İtaliyada inflyasiya göstəricisi əvvəlki aya görə
dəyişməyərək 1,7 faiz təşkil edib.
Trend xəbər verir ki, bu
barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat
yayıb.
Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi iyunla
müqayisədə 0,4 faiz artıb. Ərzaq və alkoqolsuz içkilərin qiymətləri
illik müqayisədə 3,9 faiz, emal olunmamış qidaların qiymətləri isə
5,1 faiz artıb. Enerji qiymətlərində və xidmətlər sektorunda da
qiymət artımı müşahidə olunub.
“Codacons” Assosiasiyasının məlumatına görə, yay tətili ilə
əlaqədar turizmlə bağlı qiymətlər artıb. Ölkədaxili aviareyslərin
qiymətləri 35,9 faiz, Avropa uçuşları 5,5 faiz, bərə tarifləri isə
10,9 faiz artıb. Çimərlik kurortları və hovuzlarda 3,4 faiz,
muzeylər və tarixi abidələr üzrə isə 4 faiz qiymət artımı qeydə
alınıb.
İstehlakçı hüquqlarının qorunması üzrə təşkilat olan
“Assoutenti” qiymət artımı fonunda italiyalıların eyni istehlakla
qida məhsulları və içkilərində illik 6,4 milyard avro əlavə xərclə
üzləşdiklərini açıqlayıb.

