Tbilisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır – Gürcüstan Prezidenti

Baş səhifə

Bakı. Trend:

“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında davam edən dialoqa
töhfə verməyə hazırdır. Ölkələr arasında əməkdaşlıq regional
sabitlik üçün çox vacibdir”.

Trend xəbər verir
ki, bu barədə Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
danışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxış edən
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib.

Onun sözlərinə görə, Tbilisi həmişə regionda dinc yaşayış və
konstruktiv əməkdaşlıq formulunun tərəfdarı olub.

Prezident, həmçinin Gürcüstan – Türkiyə – Azərbaycan dialoq
formatının əhəmiyyətini qeyd edib. “Regional əməkdaşlığın rolu
dünyadakı geosiyasi vəziyyət fonunda artır. Azərbaycan – Gürcüstan
– Türkiyə formatı ölkələrin suverenliyinə və ərazi bütövlüyünə
qarşılıqlı hörmətə əsaslanan dövlətlər arasında qarşılıqlı
fəaliyyətin ən yaxşı nümunəsidir”, – deyə Gürcüstan Prezidenti
vurğulayıb.




O qeyd edib ki, Ankarada danışıqlar zamanı Bakı – Tbilisi – Qars
dəmir yolunun potensialının açılması mövzusuna da toxunulub.

Gürcüstan Prezidenti daha sonra münaqişə zonalarında sülhün
yaxınlaşmasında Türkiyə liderinin rolunu vurğulayıb. “Mən Prezident
Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında sülhə
yaxınlaşması səylərinə xüsusi töhfəsini qeyd etmək istərdim”, –
deyə M.Kavelaşvili Ankara ilə təmaslarda “dinamizmin” qorunub
saxlanacağına ümid etdiyini bildirib.

Mixeil Kavelaşvili Türkiyə liderini Gürcüstana səfərə dəvət
edib.