Fridrix Merts hakim koalisiyanın səhvlərini müzakirə üçün iclas keçirir

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri və Xristian Demokrat İttifaqının (XDİ) lideri
Fridrix Merts hakim koalisiyanın son siyasi səhvlərini
dəyərləndirmək və problemlərin həlli yollarını tapmaq məqsədilə
partiya rəhbərliyini təcili iclasa dəvət edib.

Trend-in “Bild”
qəzetinə istinadən xəbərinə görə, görüşə kanslerin sədr müavinləri,
o cümlədən Almaniyanın təhsil naziri Karin Prin, Saksoniyanın baş
naziri Mixael Kreçmer və XDİ-nin baş katibi Karsten Linneman
qatılacaq.

İclasda əsas müzakirə mövzuları bunlardır:

İsrailə silah ixracının məhdudlaşdırılması ilə bağlı XDİ/XSİ
daxilində fikir ayrılığı;

Koalisiya sazişində nəzərdə tutulmuş elektrik enerjisi
vergisinin endirilməsinin həyata keçirilməməsi;




Federal Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi ətrafında
yaşanan ziddiyyətlər.

“Bild” yazır ki, məqsəd gələcəkdə oxşar siyasi qalmaqalların
qarşısını almaq üçün tədbirlər müəyyənləşdirməkdir.

Bununla belə, Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan
Kornelius görüşü “fövqəladə iclas” kimi xarakterizə etməyib:

“Kansler mütəmadi olaraq partiya rəhbərliyi ilə görüşür. Bu da
həmin görüşlərdən biridir. Təbii ki, onlar mövcud vəziyyəti
müzakirə edirlər.”