
Sumqayıt. Trend:
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə qədər elektrik
kabelləri və naqillər, eyni zamanda 25 ədəd generator və 7 dəst
transformator daxildir.
Trend xəbər
verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid
Mikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə
bağlı jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynada
davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə
təchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir:
“10 TIR-dan ibarət humanitar yardım bu gün yola salınır. 2 həftə
ərzində yüklərin Ukraynaya çatdırılması gözlənilir.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi
dəyəri 2 milyon ABŞ dolları olan avadanlıqların növbəti hissəsi də
əlavə 9 TIR vasitəsilə yola salınacaq.
Avadanlıqlar Azərbaycanda istehsal olunub”.

