Yaponiya Çinin Afrikaya artan iqtisadi təsirinə qarşı yeni təşəbbüslə çıxış edəcək

Baş səhifə

Yaponiyanın Baş naziri Şigeru İşiba gələn həftə Tokio yaxınlığında keçiriləcək beynəlxalq konfransda Hindistan, Yaxın Şərq və Afrika ilə əlaqələri gücləndirmək üçün yeni iqtisadi təşəbbüslə çıxış etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.

Bildirilib ki, 20-22 avqust tarixləri aralığında Kanaqava prefekturasının Yokohama şəhərində Afrikanın İnkişafı Üzrə Beynəlxalq Tokio Konfransının (TICAD) doqquzuncusu keçiriləcək. Afrika liderlərinin bölgəyə dəstək tədbirlərini müzakirə etmək üçün keçiriləcək konfransa İşiba rəhbərlik edəcək.

Qeyd olunub ki, baş nazirin yeni təşəbbüsü ilə Tokio regional iqtisadi əməkdaşlığın mərkəzini Hindistanın şərqindəki Cənub-Şərqi Asiya kimi regionlardan kənarda genişləndirməyi planlaşdırır. Xüsusilə Hindistan və Yaxın Şərqdə fəaliyyət göstərən yapon firmalara Afrikada ticarət və investisiyaları genişləndirməkdə kömək etmək üçün işlər görüləcəyi vurğulanıb.

Yaponiya hökuməti həmçinin Çinin Afrikaya artan iqtisadi təsirinə qarşı durmağı hədəfləyir.