
Bakı. Trend:
Bu gün biz “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açırıq və
ölkəmizə qarşı terror təhlükəsi ehtimalını sıfıra endirməyi
hədəfləyirik.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının
24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları
qarşısında çıxış edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin
qorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütün
məsələlərin həll edilməsi çox vacibdir.
“Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləri
üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin “Terrorsuz Türkiyə”
məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terror
problemi”nin aradan qaldırılmasına töhfə verən hər bir siyasətçi öz
adını Türkiyə tarixinə yazacaq”, – deyə o qeyd edib.
Türkiyə lideri terrorla mübarizədə populizmin yolverilməz
olduğunu vurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcək
nəsillər bunu bağışlamayacaq”.