Üç dövlət qurumu Gəncədə monitorinq keçirib, 500-dən çox ağac götürüləcək, yenisi əkiləcək

Baş səhifə

Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparıb.

“Report”un Qərb bürosunun məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı, nömrələnməsi işləri aparılır:

“Qurumuş və qəzalı ağacların yerində mövsümdə, yəni sentyabrda yerli iqlim və torpaq şəraitinə uyğun ağaclar əkiləcək. Bu işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları həyata keçirəcək. Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub”.