Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb (FOTO)

Baş səhifə

Sumqayıt. Trend:

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım
məqsədilə nəzərdə tutulmuş yükün növbəti hissəsi bu gün Sumqayıt
Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Trend xəbər
verir ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına
əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.




Belə ki, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın
elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7
dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər
görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının
bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi
10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna
tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2
milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də
yaxın günlərdə yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik
təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə
şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi
ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü
yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.