
Bakı. Trend:
Regiona kənar müdaxilənin olmaması ilə bağlı Ermənistan İranı
arxayın edib.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, İran Cənubi Qafqaz üzrə mövqeyini bəyan
edib və bildirib ki, regiondan kənar qüvvələrin Cənubi Qafqaza
müdaxiləsinə həssasdır. Bu məsələ dərhal Ermənistana elan edilib.
Ermənistan tərəfi İran tərəfinə vəziyyəti izah edib və İranı
arxayın edib ki, ABŞ şirkətləri ilə şəriklik Ermənistanda ölkə
qanunlarına əsasən qeydiyyatdan keçən və həmin əsasda fəaliyyət
göstərən formada olacaq.
Bəqai deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanan
saziş razılaşmasının mətnində suverenlik, ərazi bütövlüyü,
sərhədlərin pozulmaması qeyd olunub. İran üçün önəmli olan budur
ki, Ermənistanın cənubundan keçəcək və Azərbaycanı Naxçıvan Muxtar
Respublikasına birləşdirəcək əlaqə yolları, o cümlədən, dəmiryolu
tanınmış beynəlxalq sərhədlərə heç bir zərbə vurmayacaq.

