İran və AEBA arasında müzakirələrin yeni raundu keçiriləcək – Bəqai

Baş səhifə

Bakı. Trend:

Qarşıdakı günlərdə İran və Atom Enerjisi üzrə Beynəlxalq
Agentlik arasında müzakirələrin yeni raundu keçiriləcək.

Trend-in
məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, İran və AEBA arasında müzakirələr ötən
həftədən başlanıb.

Bəqai bildirib ki, İsrail və ABŞ-nin İranın dinc məqsədli nüvə
obyektinə hava hücumlarından sonra AEBA ilə İran arasında
əməkdaşlıq yolu müəyyənləşməlidir. Çünki dincməqsədli nüvə
obyektlərinə sahib bir ölkənin hücuma məruz qaldıqdan sonra AEBA
müfəttişlərinin həmin obyektlərə baxış keçirməsi ilə bağlı heç bir
təcrübə olmayıb.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasında
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdim
etdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11
ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinə
səsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildən
bəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmiş
obyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtında
əməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsi
qeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024
tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi
408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran
fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb.
Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə
səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım
olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa
çağırıb.




13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr
endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi,
generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər
ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Əlavə edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava
hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə
obyektlərinin məhv edildiyi qeyd olunub.

23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına
hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.