
Bakı. Trend:
Ermənistan səfəri çərçivəsində İran və Ermənistan araısnda
danışıqlardan birinin mövzusu Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizi haqda olacaq.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (18
avqust) Ermənistana səfər etməzdən öncə Tehranda verdiyi açıqlamada
deyib.
Onun sözlərinə görə, bu dəhliz iki ölkənin əməkdaşlığının
inkişaf etməsi üçün yeni imkanlar yarada bilər.
Pezeşkian deyib ki, həmçinin, Şərq-Qərb marşrutu regional
ticarətin sadələşməsi və inkişafı istiqamətində uyğun infrastruktur
ola bilər.
İran prezidenti qeyd edib ki, İranın nigaranlığından biri ABŞ
şirkətlərinin regiondakı iştirakıdır. Öncəki təcrübələr göstərir
ki, bu şirkətlərdən bəzisi ticarət fəaliyyətləri adı altında
gözlənilməz və xoşagəlməz addımlar atıblar. Elə buna görə,
nigaranlıqlar və əlaqədar problemlərlə əlaqədar ciddi danışıqlar
aparılacaq.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və
Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir
sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan
Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,
Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,
Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,
Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin
yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və
Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır
(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir
yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il
tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran
ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq
istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti
Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti
Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.