
Bakı. Trend:
Böyük Britaniyada minlərlə fəal amerikalı milyarder İlon Maskın
Böyük Britaniyanın enerji bazarına daxil olmaq niyyətinə qarşı
kampaniya başladıb.
Trend “Telegraph”a
istinadla xəbər verir ki, onlar ölkənin enerji tənzimləyicisi
“Ofgem”i İlon Maskın planlarını bloklamağa çağırıblar.
“Best for Britain” adlı kampaniya qrupu artıq 8 mindən çox
etiraz məktubu toplayıb. Məktublarda Maskın enerji üzərində
nəzarətini artırmasına imkan verilməməsi tələb olunur. Etirazlar
“Tesla” şirkətinin yaxın aylarda Böyük Britaniyada öz elektrik
təchizatçısını istifadəyə vermək planlarına cavab olaraq ortaya
çıxıb. Bu, “Octopus Energy” və “British Gas” kimi mövcud enerji
şirkətləri ilə rəqabət yaradacaq.
“Tesla”nın Britaniya evlərinə elektrik satmaq planları ilk dəfə
bu ayın əvvəlində dərc olunmuşdu. Məlumata görə, ABŞ-ın elektrikli
avtomobil istehsalçısı “Ofgem”ə elektrik təchizatı lisenziyası üçün
müraciət edib.