Gəlmə turistlərin sayının azalması yeni çağırışları daha da aktuallaşdırır – Deputat

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin
sayı 8,3 faiz azalıb. Həmin müddətdə Ərəb dövlətlərindən ölkəmizə
237 min 400 nəfər gəlib. Körfəzdən Azərbaycana ən çox turist
göndərən ölkə Səudiyyə Ərəbistanıdır. Bu ölkədən həmin müddətdə 62
min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb
Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14
min 779 nəfər olub.

Trend xəbər
verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov
fikirlərini bölüşüb.

O bildirib ki, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı
1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub:




“Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi
saya təsirsiz ötüşməyib. Eyni zamanda Hindistandan gələn
turistlərin sayı da ümumi turizm payında azalmaqdadır. Ərəb
dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm
strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə
destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var.
Strateji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə
turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə
turizm potensialının olmasına baxmayaraq hələ də həmin ölkədən
gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil
edir. Halbuki potensial və imkanlar daha böyükdür”.

Deputat vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox
valyuta gətirən sektordur:

“Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara
yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu
baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və
qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin
gəlməsinə imkan yarada bilər. Daha qısa zamanda pre-pandemiya
göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə
turistlərin sayının azalması isə yeni çağırışları daha da
aktuallaşdırır”.