Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub

Baş səhifə

Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn edilib.

“Report”un Qərb bürosunun məlumatına görə, şair Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub.

Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, iştirak ediblər.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.