Azərbaycanda hökuməti kriptovalyuta almaqla gəlir əldə edən şəxsləri vergiyə cəlb etməyə başlayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ötən gün bəyan edib ki, vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlirlərin, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla (VÖEN əldə etməklə) öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.
Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.

Bəs Azərbaycanda kriptovalyuta gəlirlərini vergiyə cəlb etmək çətin olmayacaq ki? “Report” mövzunu ekspertlərlə müzakirə edib.
Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev deyir ki, vergi orqanlarının işi çətin olacaq, çünki, kriptovalyuta əməliyyatları blokçeyn texnologiyaları üzərindən – mərkəzsiz və anonim aparılır: “Hər əməliyyat təsdiqlənsə də, istifadəçilərin kimliyi açıq görünmür. Bundan əlavə, kripto-aktivlərin müxtəlif birjalar arasında tez-tez köçürülməsi və fərqli tokenlərin mövcudluğu hesablama prosesini daha da mürəkkəbləşdirir. Azərbaycanda əməliyyatların izlənməsi üçün hüquqi və texnoloji mexanizmlər olmadığından, vergi ödənişləri faktiki olaraq könüllülük prinsipi əsasında həyata keçirilir”.
Ekspertin sözlərinə görə, müasir infrastruktur formalaşdırılarsa, bu, həm dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına, həm də investorların daha etibarlı mühitdə fəaliyyət göstərməsinə şərait yarada bilər. Onun fikrincə, Azərbaycanın da beynəlxalq təcrübədən çıxış edərək daha məqsədyönlü addımlar atması vacibdir: “Kriptovalyuta əməliyyatlarının rəsmi qeydiyyata alınması “kölgə iqtisadiyyatı”nın həcmini azalda, gənclərin və “freelancer”lərin sosial təminat sisteminə inteqrasiyasına şərait yarada, eyni zamanda yerli və xarici investorların etimadını gücləndirə bilər. Vergi mexanizmlərinin tətbiqi yalnız fiskal maraqlara deyil, həm də bazarın legitimləşdirilməsinə xidmət etməlidir. Əks halda, sərt və əlavə yük yaradan qaydalar bəzi vətəndaşları əməliyyatlarını dayandırmağa və yaxud xarici platformalara üz tutmağa məcbur edə bilər”.
E.Quliyev hesab edir ki, Azərbaycanda kriptovalyuta əməliyyatları üçün ayrıca, xüsusi vergi qaydalarının hazırlanması daha məqsədəuyğundur. Onun sözlərinə görə, mövcud qanunvericilik müəyyən dərəcədə kifayət etsə də, sahəyə uyğunlaşdırılmış ayrıca mexanizm həm vergi intizamını gücləndirər, həm də investorlar üçün daha şəffaf və etibarlı mühit yaradar.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, Azərbaycanda mövcud qanunvericilik, xüsusilə Vergi Məcəlləsi kriptovalyutaya investisiya nəticəsində əldə edilən gəlirlərin vergiyə cəlb olunması imkanları formalaşdırır.
Onun sözlərinə görə, burada əsasən aktivlərin dəyərinin artmasından yaranan gəlirlərdən söhbət gedir: “Yəni kriptovalyuta alındıqdan sonra satışı zamanı qiymət yüksələrsə, həmin artım əlavə gəlir hesab olunur və bu gəlir Vergi Məcəlləsinə əsasən 14 % dərəcə ilə vergiyə cəlb edilir. Praktiki baxımdan bu proses bir sıra çətinliklər yaradır. Belə ki, kriptovalyutanın alışı və satışı çox vaxt xarici platformalar üzərindən həyata keçirildiyindən, onların yerli səviyyədə izlənməsi mümkün olmur. Eyni zamanda tokenlər və yaxud xüsusi elektron daşıyıcılar vasitəsilə kriptovalyutanın ötürülməsi əməliyyatları dövriyyənin aşkar edilməsini çətinləşdirir. Bu isə verginin hesablanmasına mane olur”.
Bununla belə, iqtisadçı hesab edir ki, ölkədə kriptovalyutanın alqı-satqısı ilə bağlı infrastrukturun mərhələli şəkildə formalaşdırılması gələcəkdə həm əməliyyatların daha zəmanətli yollarla aparılmasına, həm də gəlirlərin vergiyə cəlb olunması imkanlarının artmasına şərait yaradacaq.
“Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi və yaxud kriptovalyutalara dair ayrıca qaydaların müəyyənləşdirilməsi ölkənin uzunmüddətli strategiyasından asılı olacaq. Əgər bu bazar genişlənərsə, investisiyaların məbləği artarsa və ödəniş sistemində kriptovalyutanın payı yüksələrsə, o zaman müxtəlif güzəştlər tətbiq etməklə bu əməliyyatları təşviq etmək mümkündür. Belə hallarda kriptovalyutaların ayrıca vergiyə cəlb edilməsi, ƏDV dərəcələrinin tətbiqi və digər stimullaşdırıcı mexanizmlər gündəmə gələ bilər. Hazırkı dövrdə isə hökumətin siyasəti daha çox bazarı izləmək və prosesin hansı istiqamətə yönələcəyini müşahidə etməyə əsaslanır. Bu istiqamətdə ciddi entuziazm və yaxud böyük açılım müşahidə olunmur. Qısamüddətli dövrdə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ehtimalı azdır. Çox güman ki, region ölkələrinin təcrübəsi öyrənildikdən, müsbət və mənfi nəticələr qiymətləndirildikdən sonra Azərbaycanda da orta və uzunmüddətli strategiya formalaşdırılacaq”.
Dövlət Vergi Xidmətindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan kriptoaktivlər üzrə beynəlxalq hesabatlıq çərçivəsinə qoşulur.
Belə ki, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı fonunda beynəlxalq nəzarət mexanizmləri də genişləndirilir və ölkəmizdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə – Kriptoaktivlər üzrə Hesabatlıq Çərçivəsinə (Crypto-Asset Reporting Framework və CARF) qoşulmaq üçün müvafiq prosesə başlanılıb. Bu proses yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.
Beynəlxalq müstəvidə kriptovalyutaların vergiyə cəlb olunmasına dair müxtəlif modellər mövcuddur. Məsələn, ABŞ-də Daxili Gəlirlər Xidməti (IRS) vətəndaşlardan kriptovalyuta gəlirlərini bəyannamələrdə göstərməyi tələb edir və vergidən yayınma hallarını ciddi şəkildə cəzalandırır. Avropa İttifaqında MiCA (Markets in Crypto Assets) adlı vahid hüquqi çərçivə hazırlanır, bəzi ölkələr isə artıq kriptovalyutalara dair xüsusi vergi normalarını tətbiq etməyə başlayıblar. Region ölkələrinə nəzər salsaq, Türkiyədə bu istiqamətdə qanun layihəsi üzərində iş aparılır, Gürcüstanda isə müəyyən güzəştlər tətbiq edilərək ölkə investorlar üçün daha cəlbedici edilməyə çalışılır.
Nəticə etibarilə, Azərbaycanın bu istiqamətdə əsas məqsədi sərmayədarları cəzalandırmaq deyil, onları qanuni çərçivəyə gətirmək və dövlət büdcəsinə əlavə vəsait təmin etməkdir. Ekspertlərin fikrincə, əgər islahatlar mərhələli, ədalətli və aydın qaydalar əsasında həyata keçirilərsə, uzunmüddətli perspektivdə ölkədə kriptovalyuta bazarının inkişafını müşahidə etmək mümkün olacaq.
Hazırda qlobal kripto bazar 3,9 trilyon ABŞ dollar dəyərindədir və bunun təxminən 60 %-i bitkoinin payına düşür. Hazırda onun qiyməti 113 -114 min ABŞ dolları arasındadır.