
Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 350,8 milyon ABŞ
dolları dəyərində 727,7 min ton bitumlu süxurlardan alınmış xam
neft və xam neft məhsulları idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən
məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 203,8 milyon ABŞ
dolları və ya 36,7%, həcm baxımından isə 253,7 min ton və ya 25,8%
azalma qeydə alınıb.
Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiya
və İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 6 ayında
Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton,
Rusiyadan 328,1 milyon ABŞ dolları dəyərində 685,7 min ton, İraqdan
isə 52 min ABŞ dolları dəyərində 141 ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları alınıb.
Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən
neft məhsullarının ixracı qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18
ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində
isə 947,5 min ton və ya 8,5% çoxdur.

