Ukrayna Prezidenti: Moskva Kiyevlə sülh əldə etmək üçün danışıqlara can atmır

Baş səhifə

Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində qoşun yerləşdirməyə hazır olan ölkələrin dəqiq sayı hələ məlum deyil.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Biz “boots on the ground”a hazır olan ölkələrin sayını bilmirik. Bizə məlumdur ki, “Arzuedənlər koalisiyası”nda təhlükəsizlik zəmanətləri verməyi nəzərdən keçirən 30 ölkə var”, – V.Zelenski deyib.

O vurğulayıb ki, bəzi ölkələr hava hücumundan müdafiəni təmin etməklə, hava məkanında patrul xidməti aparmaqla və ya maliyyə yardımı göstərməklə kömək edə bilər.

Eyni zamanda, prezident qeyd edib ki, əsas hərbi kontingent ukraynalılardan ibarət olacaq.

“Ukrayna ordusuna silah və əməkhaqqı lazımdır. Əgər dediyim sayda ölkə olarsa, belə olan halda Ukrayna maliyyə dəstəyi və silahla təmin edilə bilər”, – V.Zelenski izah edib.

O əlavə edib ki, Rusiya tərəfi ilə görüşün hazırlanması üzrə ABŞ-nin koordinasiya qrupuna dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və vitse-prezident Ceyms Devid Vens daxil olacaq.

Ukrayna Prezidenti həmçinin Rusiyanın ötən gecə ölkəyə endirdiyi zərbələrə də münasibət bildirib.

Onun sözlərinə görə, ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya hücumlarda 574 dron və 40 raketdən istifadə edib, lakin onların böyük hissəsini vurmaq mümkün olub. Prezident vurğulayıb ki, bütün bunlar Moskvanın sülhə nail olmaq istəyinə daha çox şübhə etməyə əsas yaradır”.