Almaniyanın xarici ticarət balansı kəskin şəkildə pisləşib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın ixrac göstəriciləri 2025-ci ilin ilk altı ayında
ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalsa da, ölkənin xarici
ticarət balansında nisbəti əhəmiyyətli dərəcədə pozulub.

Trend Almaniya
Federal Statistika İdarəsinin hesabatına istinadla bildirir ki,
yanvar-iyun aylarında ümumilikdə 786 milyard avro dəyərində məhsul
ixrac edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,1
faiz azdır. Eyni zamanda, ölkəyə idxal olunan məhsulların həcmi 682
milyard avroya çatıb ki, bu, ötən ilin ilk yarısı ilə müqayisədə
4,4 faiz artım deməkdir. Artan idxal nəticəsində Almaniyanın
ticarət balansında müsbət saldo əhəmiyyətli dərəcədə azalıb. Belə
ki, ötən ilin ilk yarısında 133,7 milyard avro təşkil edən ixrac
üstünlüyü 2025-ci ildə 104 milyard avroya enib.

Almaniyaya idxalın əsas artım mənbələri Çin, Niderland və ABŞ
olub. Xüsusilə Çinlə ticarətdə güclü artım qeydə alınıb, bu ölkədən
Almaniyaya idxal 10,7 faiz artıb. ABŞ və Niderland da Almaniyanın
əsas idxal tərəfdaşları olaraq qalıb.




Bununla yanaşı, Almaniyanın ABŞ-a ixracı 3,9 faiz azalaraq 77,6
milyard avro təşkil edib. Buna avtomobil və avtomobil hissələri ilə
yanaşı, sənaye avadanlıqları üzrə tədarüklərdə azalma səbəb olub.
Lakin ABŞ hələ də Almaniyanın ən böyük ixrac tərəfdaşı olaraq
qalır.

Eyni zamanda, Almaniyanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı
da artıb. Bu ilin ilk yarısında Aİ ölkələrinə göndərilən
məhsulların ümumi dəyəri 435,5 milyard avro olub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Aİ ölkələri
arasında Polşaya ixracatda nəzərəçarpacaq artım müşahidə
olunub.