
Bakı. Trend:
Böyük Britaniyada qiymətlər iyul ayında ötən ilin eyni dövrü ilə
müqayisədə 3,8 faiz artıb.
Trend BBC-yə
istinadla xəbər verir ki, bu, əsasən aviabiletlər və qida
məhsullarının bahalaşması ilə bağlıdır. Rəsmi statistika
inflyasiyanın yanvar ayından bəri ən yüksək həddə çatdığını və
İngiltərə Bankının 2 faiz hədəfini xeyli üstələdiyini göstərir.
Xüsusilə restoranlarda yemək, qida və spirtsiz içkilərin qiymətində
artım müşahidə olunub. Ən çox bahalaşan məhsullar arasında mal əti,
şokolad və şirniyyat, hazır qəhvə və təzə portağal şirəsi qeyd
olunub.
İstehlak Qiymətləri İndeksi (CPI) ilə ölçülən iyul ayındakı
artım iqtisadçıların proqnozlarından bir qədər yüksək olub. İyun
ayında illik artım 3,6 faiz təşkil etmişdi. İngiltərə Bankının son
proqnozuna görə, inflyasiyanın sentyabrda 4 faizə qədər yüksələcəyi
gözlənilir.
Milli Statistika İdarəsinin baş iqtisadçısı Qrant Fitzner
bildirib ki, iyulda aviabiletlərin qiymətində iyun ayı ilə
müqayisədə 30,2 faizlik artım qeydə alınıb. Bu, 2001-ci ildən bəri
həmin dövr üçün ən böyük artım hesab olunur. Onun sözlərinə görə,
bu artım əsasən məktəb tətilinin vaxtı ilə bağlıdır.
Hesabatda, həmçinin bildirilib ki, ötən ilin eyni dövründə
azalma müşahidə olunmasına baxmayaraq, bu il benzin və dizel
yanacağının qiyməti də bahalaşıb. Qida və spirtsiz içkilərin
qiymətləri isə iyulda illik müqayisədə 4,9 faiz artaraq, 2024-cü
ilin fevralından bəri ən yüksək həddə çatıb.