
Bakı. Trend:
Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı
Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarına
media-tur təşkil edilib.
Trend-in
yerli müxbiri xəbər verir ki, jurnalistlərə “Aşağı Vəng”,
“Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları barədə
məlumat verilib.
“Azərenerji” ASC-nin baş mühəndisi Razim Qasımov bildirib ki,
Kəlbəcər rayonunda 3 – 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8
meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Bu
stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına
qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının
Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb.
Bildirilib ki, müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar
ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya
olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə
təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində
“AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik
su elektrik stansiyalarının açılışında iştirak ediblər.