AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə
davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq.

Bu barədə Trend AİB-in Azərbaycanla 2025-2029-cu illər üçün
Tərəfdaşlıq Strategiyasına istinadən xəbər verib.

“Azərbaycan davamlı iqtisadi artımı poza biləcək müxtəlif təbii
təhlükələrə məruz qalır. Su ehtiyatlarının çatışmazlığı kənd
təsərrüfatı istehsalı, məşğulluq, su təchizatı və su elektrik
enerjisi istehsalı üçün ciddi təhlükə yaradır. Buzlaqların əriməsi
güclü daşqınlara, torpaqların deqradasiyasına və su anbarları kimi
infrastrukturun zədələnməsinə səbəb ola bilər. Bu riskləri azaltmaq
üçün AİB iqlimə davamlı infrastruktur yaratmaq, ekosistemləri
qorumaq və həssas icmaları qorumaq üçün iqlim təhlükələri və
fəlakət risklərinin ciddi təhlili əsasında layihələr hazırlayacaq.
İqlim dəyişikliyinə uyğunlaşma və fəlakət risklərinin idarə
edilməsinin gücləndirilməsi üzrə tədbirlər bu Tərəfdaşlıq
Strategiyasının tərkib hissəsidir”, – deyə sənəddə bildirilib.




AİB qeyd edir ki, Azərbaycan zəngin təbii ehtiyatlara və
müxtəlif iqlim qurşaqlarına malikdir. Qlobal istixana qazı
emissiyalarına cəmi 0,1% töhfə verməsinə baxmayaraq, ölkə
səhralaşma, su qıtlığının artması və dəniz səviyyəsinin aşağı
düşməsi də daxil olmaqla iqlim dəyişikliyinin ciddi təsirləri ilə
üzləşir.

“Bu çağırışlara cavab olaraq hökumət 2024-cü ildə iqlim
dəyişikliyinə uyğunlaşma üzrə milli plan hazırlayıb və və
yenilənmiş milli səviyyədə təyin olunan töhfələr 2025-ci ildə elan
ediləcək. Azərbaycan özəl investorların əhəmiyyətli iştirakı ilə
bərpa olunan enerjinin ümumi quraşdırılmış istehsal gücündə, o
cümlədən ixracda payının artırılması istiqamətində fəal iş aparır.
Həmçinin aşağı karbonlu regional nəqliyyat və logistika
şəbəkələrinə investisiya qoymaqla gəlirləri diversifikasiya etməyi
planlaşdırılır. Digər məqsəd bacarıqların inkişafı, iqlimə davamlı
infrastruktur, yüksək əlavə dəyərli kənd təsərrüfatı məhsulları və
kiçik və orta biznesə dəstək proqramları vasitəsilə, o cümlədən
inkişaf etməmiş regionlarda məhsuldarlığı artırmaqdır. Məcburi
köçkünlərin məskunlaşmasının dəstəklənməsi də hökumətin prioritet
vəzifəsidir”, – strategiyada bildirilib.