İsveçrədə KOBİA-nın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
nümayəndələri İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Azərbaycan
Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və
digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyi
ilə təşkil olunmuş səfər zamanı KOBİA tərəfindən İsveçrə-Azərbaycan
Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi
Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün “KOB-ların
yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə
dair təqdimatlar keçirilib.

Təqdimatlar zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində
Agentliyin irəli sürdüyü və qlobal müstəvidə KOB-ların yaşıl
hərəkatının yaradılması məqsədini daşıyan bəyannaməyə dair məlumat
verib. “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə
Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə dair KOBİA-nın
təqdimatında isə qeyd edilib ki, bəyannaməyə qoşulan ölkələrdə
KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə
qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra
tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox
beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.
Həmçinin, təqdimatlar zamanı Bakı İqlim Koalisiyası çərçivəsində
görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.




SACCI, JCC və İsveçrə Alternativ Maliyyələşmə Səhmdar Cəmiyyəti
(SAFAG) Bakı İqlim Koalisiyasını dəstəklədiklərini bildirib,
bəyannaməyə qoşulmalarına dair anlaşma memorandumlarını
imzalayıblar. Sənədlərdə KOB-ların yaşıl keçidinə dəstək və bu
istiqamətdə tədbirlərin təşkili, iqtisadi əməkdaşlıq, ticarət,
investisiya imkanları və yaşıl təşəbbüslərə dair məlumat
mübadiləsi, əməkdaşlığın təşviqi kimi məsələlər nəzərdə
tutulur.

KOBİA heyəti səfər zamanı BMT-nin Avropa üzrə İqtisadi
Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyas,
Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktorunun müavini
Doroti Tembo və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının
(UNCTAD) Sahibkarlıq şöbəsinin müdiri Arlet Verploeq ilə görüşlər
keçirib. Görüşlərdə iş adamlarının iştirakı ilə iqtisadi-ticarət
əlaqələrinin inkişafına, işgüzar dairələr arasında əməkdaşlığın
genişləndirilməsinə, KOB-ların inkişafına və yaşıl keçidinə dair
fikir mübadiləsi aparılıb.