
Bakı.Trend:
Yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək yol
hərəkəti təhlükəsizliyi baxımından ən ciddi risklərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada baş verən
yol-nəqliyyat hadisələrinin təxminən 10–20 faizi sürücülərin
yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə
müraciətində bildirilib.
Bildirilib ki, son zamanlar ölkəmizdə də məhz bu səbəbdən baş
verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır:
“Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:
– Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən
gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər
vaxt ayrılmaması;
– Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz
avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı
ləngitməsi;
– Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin
səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin
sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü
arxayınlaşdırması;
– Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və
bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi”.
Qeyd olunub ki, sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama
həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi
təhlükə yaradır:
“Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək
xəbərdarlıq edir: yorğun və yuxusuz halda sükan arxasına keçməyin,
uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından
istifadə zamanı onların təsirinə diqqətlə yanaşın.
Unutmayın: sükan arxasında yuxuya getmək – bir daha oyanmamaq
deməkdir!”