
Bakı. Trend:
Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya
Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, mərkəzdə onlar ilk mərhələdə müayinədən
keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib
edilib.
“Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə
inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar
tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa
və rəqs terapiya məşğələləri keçirilib.
Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya
və s. reabilitasiya xidmətləri göstərilir.
10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı
uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə,
muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s.
tədbirlərin təşkili də nəzərdə tutulur”,- deyə məlumatda qeyd
edilib.