Avaza zirvəsi Türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsinə xidmət edir – ŞƏRH

Baş səhifə

Bakı.Trend:

Azərbaycan və Türkmənistan münasibətləri Cənubi Qafqaz və
Mərkəzi Asiya arasında körpü rolunu oynayan xüsusi strateji
xəttdir.

Bunu Trend
açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, bu münasibətlərin əsasını xalqlarımızın ortaq
dəyərləri, dil, mədəniyyət və tarixi dostluq ənənələri təşkil
edir:

“Əslində, Azərbaycan–Türkmənistan əlaqələrinin inkişafını yalnız
diplomatik münasibətlərin 1992-ci ildən bəri gedişatı ilə izah
etmək mümkün deyil. Daha dərin tarixi təməllərə əsaslanan bu
münasibətlər müasir mərhələdə Prezident İlham Əliyevin, eləcə də
Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədov və
hazırkı lideri Sərdar Berdiməhəmmədovun məqsədyönlü siyasəti
nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə”
iki ölkə arasında münasibətlərin dönüş nöqtəsi olub. Həmin sənəd
sadəcə hüquqi çərçivə deyil, həm də regional və beynəlxalq
əməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilib.
Azərbaycan və Türkmənistan dövlət başçılarının qarşılıqlı
səfərləri, eləcə də hökumətlərarası mexanizmlərin işgüzar
fəaliyyəti bu tərəfdaşlığı dinamik və institusional xarakterə
gətirib çıxarıb. Məsələn, 2025-ci ildə yüksək səviyyəli qarşılıqlı
səfərlərin intensivliyi, həm Xankəndidə keçirilən İƏT Zirvəsi, həm
də Avazada baş tutacaq üçtərəfli görüş, regional diplomatiyada
Bakı–Aşqabad xəttinin önəmini daha da artırır.

Azərbaycan–Türkmənistan münasibətlərinin son illərdəki
intensivliyi fonunda 22 avqust 2025-ci ildə Türkmənistanın Avaza
şəhərində keçiriləcək Azərbaycan–Türkmənistan–Özbəkistan
liderlərinin üçtərəfli görüşü xüsusi önəm kəsb edir. Prezident
İlham Əliyev, Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyevin
iştirakı ilə baş tutacaq bu zirvə, Cənubi Qafqaz və Mərkəzi Asiya
arasında yeni strateji dəhlizin siyasi təsdiqi kimi qiymətləndirilə
bilər. Əslində, Avaza görüşü təkcə üç dövlətin maraqlarının
koordinasiyası deyil, həm də enerji, logistika və nəqliyyat
sahələrində vahid mövqenin formalaşdırılması üçün mühüm
platformadır. Xüsusilə Transxəzər marşrutu, “Xəzər–Qara dəniz
beynəlxalq nəqliyyat dəhlizi” və yaşıl enerji əməkdaşlığı
mövzularının bu görüşdə prioritet müzakirə olunacağı gözlənilir.
Avaza formatı regionun geosiyasi xəritəsini dəyişmək gücündədir,
çünki Azərbaycan tranzit, Türkmənistan enerji resursları,
Özbəkistan isə böyük istehlak bazarı və logistik imkanları ilə
üçtərəfli sinerji yaradır. Bu mənada Avaza zirvəsi, həm Türk
dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsinə, həm də
Azərbaycan–Türkmənistan ikitərəfli münasibətlərinin regional
çoxşaxəli əməkdaşlıq müstəvisinə daşınmasına xidmət edir. Bakının
və Aşqabadın strateji tərəfdaşlığı Avazadakı formatla yeni bir
mərhələyə qalxır – ikitərəfli münasibətlər artıq üçtərəfli və
çoxtərəfli regional konfiqurasiyaların aparıcı sütununa
çevrilir”.

O qeyd edib ki, Azərbaycan və Türkmənistan əməkdaşlığının
beynəlxalq təşkilatlar müstəvisində sinxronluğu diqqət çəkir:

“Türkmənistanın irəli sürdüyü “Beynəlxalq sülh və etimad
ili–2025” qətnaməsinə Azərbaycanın həmmüəllif qismində qoşulması,
yaxud BMT ECOSOC-da Azərbaycanın üzvlüyünə Aşqabadın dəstəyi, bu
ölkənin Bakıya verdiyi strateji önəmi göstərir. Həmçinin
Türkmənistanın Azərbaycanın COP29 Sədrliyinin təşəbbüslərinə
qoşulması, Bakı-Aşqabad münasibətlərini qlobal iqlim gündəliyi ilə
də sinxronlaşdırır. Bu, regional əməkdaşlıqdan beynəlxalq
diplomatiyaya keçidin ən bariz nümunəsidir.

Türk dünyası xətti Azərbaycan-Türkmənistan münasibətlərinin
xüsusi sütunlarından biridir. TÜRKSOY çərçivəsində “2024-cü il –
Maxdumquli Fəraği İli”nin elan olunmasına Azərbaycanın verdiyi
dəstək, eləcə də Qəbələdə keçiriləcək TDT Dövlət başçılarının
Zirvəsinə Türkmənistan prezidentlərinin dəvəti, türkdilli dövlətlər
ailəsinin yeni inteqrasiya mərhələsinə işarədir. Bu, həm
tarixi-mədəni bağlılıqların, həm də müasir geosiyasi
koordinasiyanın göstəricisidir”.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq münasibətlərdə mühüm
yer tutur:

“97 Türkmənistan kapitallı şirkətin Azərbaycanda fəaliyyət
göstərməsi, qarşılıqlı Ticarət Evlərinin təşkili, biznes forumlar
və sərgilər, iki ölkənin ticarət dövriyyəsini gücləndirir. SOCAR-ın
Aşqabaddakı ofisinin açılması isə enerji sahəsində əlaqələrin daha
da dərinləşdiyini sübut edir. Enerji əməkdaşlığı çərçivəsində svop
mexanizmləri vasitəsilə Türkmən qazının Azərbaycan üzərindən dünya
bazarlarına çıxışı, Xəzər regionunda Bakı və Aşqabadı strateji
tranzit və enerji düyünü halına gətirir. Hətta 2024-cü ildə BTC ilə
nəql olunan neftin 18 faizinin Türkmənistan və Qazaxıstana aid
olması, Azərbaycanın Xəzərin qərb sahilində açar tranzit ölkə
rolunu bir daha təsdiqləyir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi önəm
daşıyır. “Xəzər–Qara dəniz beynəlxalq marşrutu” üzrə saziş layihəsi
və Transxəzər Fiber Optik Kabel layihəsi, Azərbaycan və
Türkmənistanı yalnız regionun deyil, həm də Avrasiya məkanının əsas
kommunikasiya mərkəzlərinə çevirir. Bu, həm Çindən Avropaya uzanan
dəmir yolu layihələri, həm də rəqəmsal transformasiya üçün mühüm
əhəmiyyət kəsb edir.

Mədəni-humanitar əməkdaşlıq isə münasibətlərin sosial bazasını
gücləndirir. 2025-ci ildə Türkmənistan mədəniyyət günlərinin
Bakıda, 2026-cı ildə isə Azərbaycanın mədəniyyət günlərinin
Aşqabadda keçirilməsi, xalqlarımız arasında təbii yaxınlığı daha da
dərinləşdirəcəkdir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağın
qardaşlaşması bu əlaqələrin institusional bazasının
genişləndirilməsi baxımından mühüm addımdır.

Nəticə etibarilə, Azərbaycan-Türkmənistan münasibətləri
çoxölçülü və sistemli bir xarakter daşıyır. İkitərəfli siyasi
dialoq, iqtisadi inteqrasiya, enerji və nəqliyyat layihələri,
humanitar-mədəni əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı dəstək bu münasibətləri region üçün strateji dəyərə
çevirir. Ən önəmlisi isə odur ki, Azərbaycan və Türkmənistan
münasibətlərinin təməli yalnız dövlət başçılarının siyasi iradəsi
ilə yox, həm də xalqlarımızın tarixi dostluğu və ortaq kimlik
duyğusu ilə möhkəmlənmişdir. Bu səbəbdən Bakı–Aşqabad xətti yaxın
gələcəkdə həm Türk dünyasında, həm də Avrasiyada mühüm strateji
oxlardan biri olaraq qalacaq”.

Siyasi şərhçi Turan Rzayev isə Trend-ə bildirib ki, Azərbaycanın
Mərkəzi Asiya ölkələri ilə münasibətləri hər zaman yaxşı olub:

“Bu ölkələrlə tarixi, sovetlərdən qalan və yeni münasibətlərimiz
var. Türkmənistan da bu ölkələrdən biridir. Ölkələrimiz arasındakı
münasibət hər zaman yaxşı olub. Prezident İlham Əliyevin
Türkmənistanla münasibətləri istər Qurbanqulu Berdiməhəmmədov,
istərsə də Sərdar Berdiməhəmmədovun dövründə yaxşı olub. Xüsusilə
Xəzər dənizində ortaq istifadə etdiyimiz neft yataqlarının ortaq
istifadəsi dövlətlərarası münasibətlərdə iqtisadi əməkdaşlıq
modelinin inkişafından xəbər verir”.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə Qərblə
münasibətlərinin yaxşı olması, rəsmi Bakının geosiyasi sferada
manevr imkanlarını kifayət qədər artırıb, ona müxtəlif güc
mərkəzləri arasında balanslı siyasət aparmaq üçün əlavə rıçaqlar
qazandırıb:

“Eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan da qərblə çox
yaxşı təmasları var və bu gün Avropanın alternativ enerji mənbəyi
sayılır. Rəsmi Bakı qardaş türk dövlətləri, o cümlədən
Türkmənistanla da bu sahədə əməkdaşlıq edir. Azərbaycan bu ölkənin
də təbii qazını və neftini Avropa bazarına çıxarmaq üçün
əməkdaşlıqda maraqlıdır”.

T. Rzayev sonda qeyd edib ki, Azərbaycan və Türkmənistan
arasında bir çox sahədə əməkdaşlıq var:

“Bu əməkdaşlıqların gələcəyi də kifayət qədər perspektivli
görünür. Türkmənistan özü də enerji resursları ilə zəngin ölkədir.
Hər iki ölkə beynəlxalq təşkilatlarda da əməkdaşlıq edir. Xüsusilə
Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv olan Türkmənistanın
tamhüquqlu üzv olmasına Bakı maraqlıdır. Türkmənistanın türk
ailəsinin parçası olması və bu parçanın davamlılığını Bakı
prioritet olaraq görür”.