
Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
xəbərdaredici (maarifləndirici) lövhələrin quraşdırılması işləri
ilə əlaqədar tender elan edib.
Trend xəbər verir
ki, sözügedən lövhələrin quraşdırılması ilə bağlı bir neçə şərt
müəyyənləşdirilib.
Belə ki, 1400 ədəd uzunluğu 3,5 metr (3500 mm), diametri 75 mm,
sac qalınlığı 3,5 mm olan, korroziya əleyhinə boya (antipas) ilə
yüksək keyfiyyətlə işlənmiş və gümüşü boz rəngdə boyanmış borular
alınacaq.
Eyni zamanda ölçüləri 180x120sm olan mina xəbərdaredici
(maarifləndirici) lövhə üçün istifadə olunan materiallar aşağıdakı
kimi müəyyənləşdirilib:
Lövhənin çərçivəsi qaramtıl profillərdən (40x20mm) hazırlanır,
metal profil antipasla və gümüşü boya ilə rənglənir. Profil üzərinə
18 mm qalınlığında dikt şrupla bərkidilir. Diktin üzərinə isə
xüsusi xəbərdaredici şəkillər olan vinil materialdan üz çəkilərək
stepler ilə bərkidilir və kənarları sinklənmiş bucaq yaşmaqla
bağlanır (müxtəlif şəkillər və mövzu yazılmış üzlüyün çapı daxil).
Hər bir lövhə basdırılan iki ədəd dayağa (borular) bolt vasitəsiylə
bərkidilir. Xəbərdaredici lövhənin yerdən hündürlüyü 1,6 m təşkil
etməlidir.
Agentlik hazırda sözügedən işləri icra edəcək şirkət
axtarışındadır.
ANAMA xəbərdaredici (maarifləndirici) lövhələrin konkret olaraq
hansı ərazilərdə quraşdırılacağını açıqlamasa da, görüləcək işlərin
ümumilikdə 679,6 min manata başa gələcəyini proqnozlaşdırıb.

