
Xankəndi.Trend:
Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər.
Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim
Kotsoev səfər çərçivəsində şəhər sakinləri ilə görüşüb, burada
aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər.
Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə
məlumat verilib.
Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkib, burada
görülən tikinti işləri ilə maraqlanıblar.
Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi
başa çatdırılacaq.
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”
çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi,
mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər
icra olunur.Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idman
yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azad
edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük
əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına
qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və
İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.Qeyd
edək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa,
Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri
planlaşdırılıb.

