Qonşular arasında məişət mübahisəsi məhkəmədə sonlandı: Qazan atıldı, daş dəydi

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda bir-birinə qazan və daş atan qonşular məhkəməyə
müraciət edib.

Trend-in
məlumatına görə, hadisə Babək rayonunda baş verib.

Belə ki, mübahisəyə səbəb tərəflərdən birinin həyətindəki toyuq
ferması olub. Təqsirləndirilən şəxs izahatında zərərçəkmişin toyuq
fermasının olduğunu, onu həyətlərində tikdikdən sonra aralarında
daim problem yarandığını, toyuq və cücələrin qoxusunda evdə,
həyətdə durmağın qeyri-mümkün olduğunu bildirib. Bu səbəbdən də
həyətdə uca səslə “Allah bəlanızı versin, bəsdirin, ayıbdır” deyib,
qarşı tərəf də qayıdıb ona nalayiq ifadələr işlədib, təhqir edib və
qarğış töküb. Zərərçəkmiş şəxs əsəbləşərək divarın dibindən çıxıb
hasara çəkdiyi göy plyonkanı cıraraq ona qazan tullayıb, lakin
qazanın ona dəyməyib. Təqsirləndirilən şəxs zərərçəkmişə daş
atmadığını, həyətdə nə daş, nə də qum olmadığını, zərərçəkmişin
özünün qazanı götürüb başına çırpdığını deyib.




Zərərçəkmiş isə izahatında deyib ki, təqsirləndirilən şəx yolda,
bazarda, bir sözlə hər yerdə onun və ailəsinin qabağını kəsir,
narahat edir. O, bildirib ki, hadisə olan günü həyətdə olub,
yoldaşı isə evdə olmayıb. Həmin gün yenə təqsirləndirilən şəxs
onlara qarğış edib söyüş söyüb. Ona görə də hasara pilləkən qoyub
onların həyətinə tərəf çıxıb. Təqsirləndirilən şəxs ona və
övladlarına qarğış elədiyindən əsəbləşərək qarşılığında özünün də
ona qarğış eləyib. Bu zaman təqsirləndirilən şəxs əvvəlcədən əlində
gizlətdiyi daşa bənzəyən əşyanı ona tərəf atıb. Bu zaman daş onun
alnına dəyib, gözünün qaralıb qaşının üstünün şişib. Bu zaman özü
də əsəbiləşib yerdən götürdüyü qazanı ona tullayıb, lakin dəyməyib.
O bildirib ki, hadisə bazar günü baş verib ekspert isə növbəti gün
baxıb.

Babək rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək
onun barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri
tətbiq edilib.