Azərbaycan, Türkmənistan və Özbəkistan qardaşlığı energetika əməkdaşlığında yeni dövrün əsasını qoyub – Azər Qarayev

Baş səhifə

Bakı.Trend;

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin iştirakı ilə Türkmənbaşı şəhərində keçirilən görüş,
regionun siyasi-iqtisadi inkişafında mühüm mərhələdir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı
qardaşlıq münasibətləri, tarix, mədəniyyət, dil və dini ortaq
dəyərlərə əsaslanan dərin və çoxşaxəli əlaqələrə dayanır.

“Bu münasibətlər yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır,
həm də xalqlar arasında səmimi və strateji tərəfdaşlıq ruhunda
inkişaf edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu üç
ölkə arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, “qardaşlıq” əsasında qurulub. O qeyd edir ki, bu əməkdaşlıq bölgədə
sülh, sabitlik və rifah üçün mühüm platforma yaradır.

Dünənki görüşdə də liderlər, üç ölkə arasında mövcud dostluq və
tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və
əməkdaşlığın yeni perspektivlər üzrə inkişaf etdirilməsi məqsədini
vurğulayıblar. Onlar, regional və beynəlxalq məsələlərdə qarşılıqlı
dəstək və əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Azərbaycan,
Türkmənistan və Özbəkistan kimi Orta Asiya və Cənubi Qafqaz
ölkələri coğrafi baxımdan strateji bir mövqedə yerləşir və bu,
onları Şərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasında körpü rolu
oynamağa imkan verir.”

A.Qarayev qeyd edib ki, son illərə nəzər salsaq görərik ki,
Azərbaycanla bu iki ölkə arasında əlaqələr daha da genişlənir.

“Azad edilmiş ərazilərimizdə də qardaş Özbəkistan və
Türkmənistan tərəfindən də müəyyən işlər görülüb. Belə ki,
Özbəkistan tərəfindən Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin
adını daşıyan orta məktəb inşa olunub. Xankəndi şəhərində özbək
tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki
fəaliyyət göstərir.

Türkmənistan tərəfindən isə Füzuli şəhərində məscid inşa
ediləcək. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin necə möhkəm
olduğunun daha bir göstəricisidir.Ölkələrimiz arasında enerji
sahəsində də əməkdaşlıqlar genişlənməkdədir.”

Politoloq bildirib ki, Azərbaycanın Türkmənistanla ənənəvi
energetika əməkdaşlığı, eləcə də Özbəkistanla bu sahəyə yeni qədəm
qoyması, regionda enerji siyasətinin dərinləşdiyini və
genişləndiyini göstərir.

“Bu, eyni zamanda Azərbaycanın regional lider kimi mövqeyini
möhkəmləndirir və enerji diplomatiyasının uğurlu nümunəsi hesab
olunur. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya
bazarına çıxarılmasında logistik körpü rolunu oynayır. Türkmən
qazının və neftinin Transxəzər dəhlizi vasitəsilə Azərbaycan
ərazisindən keçərək Avropaya çatdırılması imkanları hər iki ölkə
üçün strateji əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanın
Özbəkistanla münasibətləri sürətlə inkişaf edir və bu proses artıq
energetika sahəsinə də daxil olub. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə
başlayıb və kontrakt imzalanıb. Bu, Azərbaycan üçün həm iqtisadi,
həm də siyasi baxımdan mühüm hadisədir.SOCAR-ın Özbəkistanda
fəaliyyəti, Azərbaycanın xaricdə enerji layihələrinə investisiya
qoyması və regional bazarlarda texniki biliklərini paylaşması
baxımından vacibdir. Bu addım eyni zamanda Özbəkistanın enerji
sektorunda modernləşmə proseslərinə də töhfə verir və qarşılıqlı
faydaya əsaslanan əməkdaşlığı möhkəmləndirir.”

A.Qarayev bildirib ki, nəticədə Azərbaycanın Türkmənistan və
Özbəkistanla enerji əməkdaşlığı, regionda beynəlxalq əməkdaşlıq
nümunəsi, iqtisadi inteqrasiyanın təşviqi və enerji
təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət
daşıyır.

“Prezident İlham Əliyevin bu sahədə ortaya qoyduğu strateji
baxış, Azərbaycanı yalnız enerji ixracatçısı deyil, eyni zamanda
enerji əməkdaşlığının təşəbbüskarı və lideri kimi formalaşdırır”, –
A.Qarayev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir