
Bakı. Trend:
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham
Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu
Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin
iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət
kəsb edir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.
S. Mikayılova qeyd edib ki, bu üç qardaş ölkənin liderlərinin
bir araya gəlməsi yalnız üçtərəfli münasibətlərin deyil, həm də
bütövlükdə Orta Asiya və Cənubi Qafqaz regionlarının gələcək
inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından vacib
hadisədir:
“Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə,
Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə
Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü
funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional
nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında
əsas aktorlara çevirir”.
S. Mikayılova əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqları
arasında əlaqələrə nəzər salsaq görərik ki, qədimdən bu günə qədər
Orta Asiya və Qafqaz regionunda yerləşən türkdilli qardaş
xalqlardır.
“Hər iki xalqın mədəniyyətində türklüyün ortaq elementləri, dini
inanclar və adət-ənənələr dərin köklərə malikdir. Azərbaycan və
Türkmənistan müstəqillik qazandıqdan sonra qarşılıqlı hörmət və
dostluq ruhunda siyasi münasibətlər qurublar. İki ölkə arasında
əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu, xüsusilə Xəzər
dənizi məsələlərində, enerji resurslarının bölüşdürülməsi və
regional təhlükəsizlik sahəsində özünü göstərir. Son illərdə,
xüsusilə Xəzər dənizində yerləşən enerji yataqları üzrə əldə edilən
razılaşmalar iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirib.
“Dostluq” yatağının birgə işlənməsi ilə bağlı qərarlar iki ölkə
arasındakı qarşılıqlı etimadın göstəricisidir”, – deputat
vurğulayıb.
Onun sözlərinə görə, görüşdə ölkələr arasında bir neçə sənədin
imzalanması dövlətlərarası əlaqələrin daha da genişlənməsinə səbəb
olacaq:
“İmzalanan sənədlərdən biri ölkəmizlə Türkmənistan arasında
beynəlxalq hava əlaqələrinin gələcək inkişafı barədə imzalanmış
Anlaşma Memorandumudur. Bu sənəd iki ölkənin hava nəqliyyatı
sahəsində əməkdaşlığının genişləndirilməsinə yönəlib. Bunun
beynəlxalq hava marşrutlarının yaradılması, sərnişin və yük
daşımalarının artırılması, həmçinin qarşılıqlı turizm və iqtisadi
əlaqələrin inkişafına töhfə verməsi gözlənilir. Rəqəmlərə nəzər
salsaq görərik ki, bu ilin altı ayında Türkmənistandan Azərbaycana
səfər edən turistlərin sayı artıb. Bu anlaşmadan sonra
Türkmənistandan ölkəmizə gələn turistlərin sayının daha da artacağı
gözlənilir”.
S. Mikayılova vurğulayıb ki, Füzuli şəhəri ilə Türkmənistanın
Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında
Protokolun imzalanması da böyük əhəmiyyət daşıyır.
“Bu sənəd iki şəhər arasında qarşılıqlı dostluq, mədəniyyət,
iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə
tutur. Qardaşlaşma əlaqələri çərçivəsində tərəflər təcrübə
mübadiləsi, birgə layihələrin təşkili, turizm və təhsil sahəsində
əməkdaşlıq, həmçinin sosial və mədəni tədbirlərin keçirilməsi üzrə
fəaliyyət göstərəcək. Bu addım Azərbaycan-Türkmənistan
qardaşlığının daha da möhkəmlənməsinə və xalqlarımız arasında
dostluq münasibətlərinin inkişafına xidmət edir. Füzuli şəhərinin
yenidən qurulması və inkişafı prosesində Arxadağ şəhəri ilə
əməkdaşlıq əlaqələrinin qurulması, bölgədə sülh və sabitliyin
bərqərar olması baxımından xüsusi önəm daşıyır. Türkmənistanın
hədiyyə olaraq Füzulidə məscid tikməsi isə ölkəmizə olan dəstəyin
bariz nümunəsidir”, – o əlavə edib.
Deputat bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan
arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın
gücləndirilməsi məqsədilə də Anlaşma Memorandumu imzalanıb:
“Bu sənəd üç ölkə arasında nəqliyyat infrastrukturlarının
əlaqələndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması,
logistika xidmətlərinin təkmilləşdirilməsi və regional nəqliyyat
dəhlizlərinin inkişafı üzrə əməkdaşlığı nəzərdə tutur. Memorandum,
həmçinin Orta Asiya və Qafqaz regionlarında iqtisadi inteqrasiyanın
dərinləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi üçün
mühüm platforma yaradır. Tərəflər sənəd çərçivəsində qarşılıqlı
təcrübə mübadiləsi, texniki dəstək və investisiya imkanlarının
artırılması istiqamətində də fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq
“Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi strateji
layihələrin inkişafına da təkan verəcək”.
Deputat qeyd edib ki, görüş zamanı imzalanan bir neçə sənəd
ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə
nəqliyyat, enerji, ticarət və iqtisadiyyat sahələrində daha da
genişlənməsinə zəmin yaradır.
“Bu sənədlər regional inteqrasiyanın dərinləşdirilməsi,
sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, birgə investisiya
layihələrinin təşviqi və enerji resurslarının səmərəli idarə
olunması kimi mühüm istiqamətləri əhatə edir.
Türkmənbaşı görüşü Azərbaycan, Türkmənistan və Özbəkistan
arasında qarşılıqlı anlaşma və strateji əməkdaşlığın möhkəmlənməsi
üçün yeni imkanlar açdı. İmzalanan sənədlər və razılaşmalar üç
ölkənin regional inteqrasiya, iqtisadi inkişaf və enerji
təhlükəsizliyi istiqamətində mühüm addımlar atmasına şərait
yaradır. Bu da öz növbəsində bölgədə sülh, sabitlik və rifahın
təmin olunmasına öz töhfəsini verəcək,” – deyə S. Mikayılova
fikirini tamamlayıb.