Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 27%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət
əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 528 milyon ABŞ dolları və ya 26,7% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 8,68%-i həcmində olub. Bununla da Çin hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Çinə 53,3 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 41,7 milyon ABŞ dolları və ya 4,5 dəfə çoxdur.




Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2
milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki,
bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 487 milyon ABŞ dolları
və ya 1,2 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Çin
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci
pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan
xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.