
Bakı.Trend:
Son günlər sosial şəbəkələrdə Çin istehsalı olan avtomobillərin
nasaz vəziyyətdə Bakıya gətirilməsi ilə bağlı məlumatlar geniş
müzakirə olunur. İstifadəçilər bildirirlər ki, bəzi hallarda tam
yeni, sıfır kilometr avtomobillərdə belə texniki qüsurlar
aşkarlanıb. Bu isə alıcılar arasında narahatlıq yaradaraq, Çin
avtomobillərinin keyfiyyəti ilə bağlı suallar doğurub.
Bəs, Çin istehsalı avtomobillərin texniki
nasazlıqlarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün hansı
tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Trend-ə açıqlasında Azərbaycan Avtomobil Dilerləri
Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, belə hallarla
mətbuatda və sosial şəbəkələrdə rastlaşıb:
“Avtomobillərlə bağlı müəyyən şikayətlər də daxil olur. Bu
şikayətlər əsasən rəsmi idxalçılardan deyil, fərdi şəxslər
tərəfindən ölkəyə gətirilən avtomobillərlə bağlıdır. Söhbət əsasən
Çinin daxili bazarı üçün nəzərdə tutulan modellərdən gedir. Son 2-3
ildə bu cür avtomobillərlə bağlı şikayətlər demək olar ki,
səngimir. Müştərilərin aldadılması, yuxarı komplektasiyaya uyğun
ödəniş edilsə də, sadə versiyanın gətirilməsi, cızıq və ya nasaz
vəziyyətdə olan avtomobillərin təqdim olunması bu hallara
nümunədir”.
Onun sözlərinə görə, fərdi şəxslər tərəfindən gətirilən
avtomobillərdə belə problemlər olub və olacaq:
“Ona görə də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq
biz daim ictimaiyyətə çağırış edirik ki, avtomobili rəsmi
dilerlərdən alsınlar. Çünki bu halda, sabah hər hansı problem
yaranarsa, müraciət edə biləcəyiniz məsul bir qurum olur. Təbii ki,
bu fikirlər bütün hallara aid deyil, lakin Çindən avtomobil gətirən
fərdi şəxslərin əksəriyyəti təəssüf ki, insanları aldadır,
keyfiyyətsiz avtomobillər gətirirlər. Bu çox təəssüf doğuran
haldır. Ən böyük problemlərdən biri də odur ki, avtomobil
keyfiyyətli olsa belə, zəmanət verilmir. Halbuki dünya
praktikasında avtomobillərin geri çağırılması təcrübəsi var. Rəsmi
dilerlər vasitəsilə alınan avtomobillərdə istehsalçı tərəfindən ya
təmir, ya da əvəzləmə təmin olunur. Ancaq qeyri-rəsmi yollarla
alınan avtomobillərdə bu imkanlardan yararlanmaq mümkün olmur”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə Trend-ə qeyd edib ki,
avtomobilin harada istehsal olunmasından əvvəl hansı ölkə üçün
istehsal olunması vacibdir:
“Burada söhbət avtomobilin hansı ölkə üçün istehsal
olunmasından, hansı standartlara uyğun gəlməsindən, eləcə də
təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verib-verməməsindən
gedir. Azərbaycan qanunvericiliyinə əsasən, istənilən avtomobil
ölkəyə idxal oluna bilməz. Bu sahədə müəyyən tələblər mövcuddur.
Azərbaycanın avtomobil bazarı əsasən Avropa spesifikasiyasına uyğun
qurulub və ölkəyə gətirilən avtomobillər də məhz bu standartlara
cavab verməlidir”.
O qeyd edib ki, Çindən 2 istiqamətdə avtomobillər ölkəmizə
gətirilir:
“Birinci istiqamət rəsmi nümayəndəliyi olan şirkətlər tərəfindən
ölkəyə gətirilən avtomobillərdir. Bu avtomobillər istehsalçı
zəmanətinə malik olur və mövcud standartlara tam cavab verir.
İkinci istiqamət isə fərdi şəxslərin Çindən fərdi qaydada
gətirdikləri avtomobillərlə bağlıdır. Bu cür avtomobillərin nə
istehsalçı zəmanəti, nə də rəsmi nümayəndəliyi olur. Bu, mütləq
nəzərə alınmalıdır. Çünki istehsalçı zəmanəti olmayan
avtomobillərdə texniki nasazlıqların və ya istehsal qüsurlarının
olması mümkündür və bu, istisna deyil”.
“Belə halların qarşısını almaq üçün alıcılara tövsiyə edirəm ki,
avtomobil alarkən onun istehsalçı zəmanətinə xüsusi diqqət
yetirsinlər. Avtomobilin mütləq zavod tərəfindən verilmiş rəsmi
zəmanəti olmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki,
Azərbaycanda həmin avtomobillərə texniki xidmət göstərə biləcək
rəsmi servis mərkəzləri fəaliyyət göstərməlidir. Çünki avtomobil
sıfır kilometr olsa belə, istehsalçı zəmanəti yoxdursa və texniki
qüsur aşkarlanarsa, bu problemi heç kim aradan qaldırmayacaq”, – E.
Cəfərov deyib.

