Qardaşlıqdan enerji və ticarətə: Üç dövlətin gələcəyə baxışı

Baş səhifə

Bakı. Trend:

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham
Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu
Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin baş
tutan görüşü üç ölkə arasında dərinləşən əməkdaşlığın strateji
konturlarını cızdı.

Bu görüş ümumilikdə Orta Asiya və Cənubi Qafqaz bölgəsində
siyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional
təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan, Türkmənistan və Özbəkistan öz coğrafi mövqelərinə görə
Şərqlə Qərb, Şimalla Cənub arasında strateji körpü rolunu oynayan
ölkələrdir. Bu mövqe üç dövləti qlobal enerji və nəqliyyat
dəhlizlərinin əsas oyunçularına çevirir. Türkmənbaşı görüşü də bu
potensialdan irəli gələrək, nəqliyyat-logistika, enerji və ticarət
sahələrində konkret razılaşmalarla yadda qaldı.

Görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sənədlərə
nəzər salsaq görərik ki, hamısı strateji əhəmiyyətlidir. Bunlardan
biri üç ölkə arasında yüklərin və sərnişinlərin daşınması,
dəhlizlərin əlaqələndirilməsi, logistika xidmətlərinin inkişafı və
beynəlxalq ticarət marşrutlarının səmərəliliyinin artırılması
istiqamətində imzalanan Memorandumdur. Bu sənəd, Şərq-Qərb və
Şimal-Cənub dəhlizlərinin birgə inkişafı üçün mühüm addım kimi
dəyərləndirilir.

İkinci sənəd isə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında
imzalanan anlaşma memorandumunda hava əlaqələrinin
genişləndirilməsi, turizm və sərnişindaşımanın təşviqi əsas
hədəflər kimi müəyyən olunub. Bu ilin ilk altı ayına nəzər salsaq
görərik ki, Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579
nəfər olub. Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü
ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15
396 nəfər idi. İmzalanmış Memorandum ölkəmizə Türkmənistandan gələn
turistlərin sayına da müsbət təsir edəcək.

Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın yeni inşa edilən
Arxadağ şəhəri arasında “Qardaşlaşma Protokolu” nun imzalanması da
böyük əhəmiyyət daşıyır. Türkmənistanın Azərbaycanın Füzuli
şəhərində hədiyyə olaraq inşa edəcəyi məscid, iki ölkə arasında
qədim dostluq və qardaşlıq münasibətlərinin canlı simvoluna
çevriləcək. Bu təşəbbüs təkcə dini-mədəni abidə deyil, eyni zamanda
Ortaq türk köklərinə, mənəvi bağlara və humanist diplomatiyaya
söykənən dostluğun rəmzidir.

Enerji sahəsi də görüşdə mühüm yer tutdu. Azərbaycan və
Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının birgə
işlənməsi məsələsində əldə edilən razılaşmalar iki ölkə arasında
enerji əməkdaşlığının gələcəyini formalaşdırır. Azərbaycanın bu
layihədə iştirakı regionda enerji diplomatiyasının uğurlu nümunəsi
kimi çıxış edir.

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Özbəkistanda neft
yatağının işlənməsində iştirakı isə Azərbaycanın enerji sahəsindəki
sərhədlərini daha da genişləndirir və ölkəmizin beynəlxalq enerji
bazarlarında texnologiya və kapital ixracatçısına çevrildiyini
göstərir.

Türkmənbaşı şəhərindəki görüş Azərbaycanın regiondakı lider
dövlət mövqeyini bir daha təsdiqlədi. Görüş çərçivəsindəki
razılaşmalar Azərbaycanın təşəbbüslərinə beynəlxalq səviyyədə olan
etimadı da nümayiş etdirdi. Üçtərəfli əməkdaşlıq formatı, gələcəkdə
digər türkdilli dövlətləri də bu platformaya cəlb etməyə zəmin
yarada bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir