
Bakı. Trend:
Böyük Britaniyanın bir sıra şəhərlərində anti-miqrant
nümayişləri və onlara qarşı təşkil olunan etiraz aksiyaları zamanı
toqquşmalar qeydə alınıb.
Trend
“Independent”ə istinadla xəbər verir ki, Bristolda polis atlı
qüvvələrin dəstəyi ilə Kasl parkda toplaşan iki rəqib qrupu
ayırmağa çalışıb. Hadisə zamanı etirazçılarla polis arasında
gərginlik yaşanıb.
Horley şəhərində isə təxminən 200 nəfərlik anti-immiqrasiya
qrupu ilə “Stand Up to Racism” təşkilatının 50-yə yaxın fəalı
üz-üzə gəlib. İrqçiliyə qarşı çıxan nümayişçilər “Nifrət yox, qorxu
yox, qaçqınlar buraya xoş gəlib” şüarları səsləndiriblər, qarşı
tərəf isə əks şüarlarla çıxış edib.
Miqrantların otellərdə yerləşdirilməsinə qarşı etiraz aksiyaları
həmçinin Liverpul, Nyukasl, Pert, Ekseter, Tamvort və digər
şəhərlərdə də keçirilib. Demək olar ki, bütün bölgələrdə əks-etiraz
aksiyaları da təşkil olunub.
Qeyd edək ki, bu tip aksiyaların intensivləşməsi Epping
şəhərində yerləşən “The Bell Hotel”də keçirilən etirazlardan sonra
başlayıb.