Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi abituriyentlərə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi abituriyentlərə və
onların valideynlərinə müraciət edib.

Trend müraciəti
təqdim edir:

“Hörmətli abituriyentlər və valideynlər,

Ali təhsil müəssisələrinə qəbul nəticələri hər kəsin
gözləntilərinə tam uyğun gəlməyə bilər. Bəziləriniz tələbə adını
qazanmağın sevincini yaşayır, digərləri isə hələ bu arzusuna nail
olmayıb. Lakin hər iki halda vacib olan gələcəyə ümidlə baxmaq,
düzgün qərarlar vermək və məqsədyönlü şəkildə irəliləməkdir.




Təhsil və peşə seçimi həyatın ən mühüm qərarlarından biridir.
Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin
qəbul imtahanlarına növbəti ildə daha ciddi hazırlaşaraq
istədikləri nəticəni əldə edə bilərlər.

Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən isə bir sıra
mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir
elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız
və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin
yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu
səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə
tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə
uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.

Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın
uğurunu müəyyənləşdirir.

Tələbə adını qazanan hər bir gənci ürəkdən təbrik edir,
həyatınızda yeni uğurlar arzulayırıq!”