
Bakı. Trend:
Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində
yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət
mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də
sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara
dəymiş ziyanı kim ödəyəcək?
Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən
zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:
“Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki,
belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.
Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü
sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən
kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək”
Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın
sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak
sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də
belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək
riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları
sığortalamaqdan imtina edirlər.
Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra
bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan
əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların
sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə
bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə
sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il
yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı
olmayacaqlar”.
Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, “Sədərək”
ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac
var.
“Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin
öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin
obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə
ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə
işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara
dəyən ziyan sığorta ilə qarşılanmayacaq.
Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər
deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki
təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var.
Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan
keçəcəklər”,- deyə millət vəkili əlavə edib.