
Bakı. Trend:
Ortaq milli və mədəni dəyərləri bölüşən türk dövlətləri
arasındakı əlaqələr xüsusən son onillikdə keyfiyyətcə yeni
mərhələyə qədəm qoyub. Bunun da əsas səbəbləri türk dövlətlərinin
siyasi, iqtisadi və mədəni müstəvilərdə daha güclü
təşkilatlanmaları, qlobal və regional aktuallıq kəsb edən
məsələlərdə vahid mövqedən çıxış etmələri, enerji sferası,
nəqliyyat və logistika infrastrukturlarının inkişafı istiqamətində
əməkdaşlıqlarını genişləndirmələridir.
Hazırda türk dövlətləri arasında həm ikitərəfli formatlarda, həm
də onları birləşdirən Türk Dövlətləri Təşkilatı müstəvisində sıx və
mükəmməl siyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələr
mövcuddur. Habelə, Türk Dövlətləri Parlament Assambleyası, TÜRKSOY,
Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların
fəaliyyəti də onların əlaqələrinin inkişafına mühüm töhfələr
verir.
Lakin dinamik inkişafda olan və sürətli dəyişikliklərə məruz
qalan regional və qlobal iqtisadi çağırışlar mühüm strateji
coğrafiyalarda, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən
türk dövlətlərinin qarşısında yeni prioritetlər formalaşdırır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistan Xalq
Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun
22-də Türkmənistana işgüzar səfəri və bu ölkənin Türkmənbaşı
şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan
Respublikası arasında yüksək səviyyəli görüşün keçirilməsi göstərir
ki, türk dövlətləri bu reallığı düzgün dəyərləndirir, əlaqələrinin
daha da güclənməsinə, ən əsası, qarşılıqlı əməkdaşlıqlarının yeni
çağırışlarla uzlaşdırılmasına xidmət edən birgə və koordinasiya
olunmuş fəaliyyət ortaya qoyurlar.
Əvvəlcə onu qeyd edim ki, son illərdə Azərbaycanın həm
Türkmənistan, həm də Özbəkistanla münasibətləri siyasi və iqtisadi
müstəvilərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq, strateji
məzmun kəsb edib. Dövlət başçılarının intensivləşən qarşılıqlı
səfərləri və imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirib. 8
il əvvəl, 2017-ci ilin avqust ayında Azərbaycanla Türkmənistan
arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
Bəyannamədə iki dövlətin birgə fəaliyyətinin istiqamətləri müəyyən
edilib, siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat,
energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən
sənəddə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə,
sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib.
Ötən ay Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu
Berdiməhəmmədovun Azərbaycana səfəri, Bakıda keçirdiyi görüşlər,
daha sonra Prezident İlham Əliyevlə birlikdə Füzuli və Şuşanı
ziyarət etməsi, bu şəhərlərdə aparılan bərpa və quruculuq işləri
ilə tanış olması bu iki türk dövləti arasındakı münasibətlərin
dostluq və ortaq dəyərlər müstəvisində inkişafından xəbər verdi.
Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə Qurbanqulu
Berdiməhəmmədova hədiyyə etdiyi “Dostluq” adlı Qarabağ atı
Azərbaycan-Türkmənistan dostluğunun təcəssümü kimi tarixə düşdü.
Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşa
olunacaq məscid isə Azərbaycan-Türkmənistan dostluğunun növbəti
rəmzi olacaq.
Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana işgüzar
səfəri zamanı Qurbanqulu Berdiməhəmmədovla görüşündə siyasi
münasibətlərdən məmnunluq ifadə edildi, energetika, nəqliyyat,
logistika, tranzit, rəqəmsallaşma və mədəni əlaqələr üzrə böyük
perspektivlərin olduğu, Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı birgə
fəaliyyətin böyük coğrafiyaya xeyir gətirəcəyi vurğulandı.
«Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki,
bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və
Azərbaycan – qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin
yanındadır» – deyə Prezident İlham Əliyev görüşdə
bildirdi.
Azərbaycan-Özbəkistan münasibətləri də türk dövlətləri
arasındakı dostluğun və qardaşlığın ən mükəmməl nümunələrindən
biridir. Prezident İlham Əliyevin 2024-cı il avqustun 23-də
Özbəkistana etdiyi dövlət səfəri əlaqələrdə tamamilə yeni
mərhələnin əsasını qoyub. Belə ki, səfər zamanı imzalanan
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələri müttəfiqlik
səviyyəsinə yüksəldib. COP29 zamanı Bakıda Azərbaycan Özbəkistan və
Qazaxıstanın iştirakı ilə yaşıl enerjinin ötürülməsi ilə bağlı
üçtərəfli strateji sazişin imzalanması isə dövlətlərarası
münasibətlərdə yeni əməkdaşlığın əsasını qoyub.
Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb binasının inşası
işğaldan azad olunan ərazilərimizin bərpasına edilən qardaş
hədiyyəsidir. Qarabağın quruculuğunda xarici dövlət tərəfindən
edilən ilk ərməğan olan bu məktəb iki ölkənin dostluğunun,
həmrəyliyinin ünvanıdır. Özbəkistanın Qarabağın quruculuğuna daha
bir töhfəsi Xankəndidə tikiş fabrikinin yaradılmasıdır.
Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası
arasında Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüş isə
göstərdi ki, hər üç dövlət onların inkişafına və qarşılıqlı
əlaqələrinin güclənməsinə xidmət edən məsələlərdə həmrəylik nümayiş
etdirir. Görüşdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında
siyasi-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın müxtəlif
aspektləri, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə
olundu. Hər üç dövlət beynəlxalq nəqliyyət dəhlizlərinin üzərində
yerləşdiyindən danışıqlar zamanı nəqliyyat dəhlizlərinin və
logistika infrastrukturlarının inkişafı, milli nəqliyyat
sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi nəzərdən
keçirildi. Bundan başqa energetika sahəsində əməkdaşlığın
gücləndirilməsi barədə fikir mübadiləsi aparıldı. Habelə humanitar
turizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbul
olunması ilə bağlı məsələlər müzakirə olundu.
Yüksəksəviyyəli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan
arasındakı əlaqələrdə yeni səhifə açır. “Azərbaycan
Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə
Bəyanatı” isə dost və qardaş dövlətlərin yeni müstəvidə qarşılıqlı
əməkdaşlığının hüquqi əsaslarını müəyyən edir. Prezident İlham
Əliyev görüşün yekunlarına dair mətbuata bəyanatında buna diqqət
çəkərək bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa
yönələn əməkdaşlıq formatının yaradıldığını bildirdi. Bu əməkdaşlıq
formatı ondan xəbər verir ki, Azərbaycan, Türkmənistan və
Özbəkistan öz milli mənafeləri naminə strateji tərəfdaşlıqlarının
daha da dərinləşdirilməsinə yönələn güclü siyasi iradə nümayiş
etdirirlər.
Azərbaycanın həm Türkmənistan və Özbəkistanla əlaqələrinə diqqət
yetirdikdə, həm də hər üç türk dövlətinin ərazilərinin strateji
coğrafi üstünlüyünü nəzərə aldıqda, yeni əməkdaşlıq formatının
onlara böyük fayda gətirəcəyini indidən söyləmək mümkündür. Qardaş
dövlətlərin üçtərəfli əməkdaşlığı eyni zamanda bütün Türk
dünyasının maraqlarının müdafiəsi baxımından əhəmiyyət kəsb
edəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı