Özbəkistan və Azərbaycan neft-qaz sənayesində strateji layihələr çərçivəsində qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə yüksələrək enerji sahəsində əməkdaşlığı gücləndirir. Əsas addımlardan biri Özbəkistanın Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəknefteqaz” Səhmdar Cəmiyyəti arasında Üstyurd regionunda yerləşən investisiya blokları üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması olub. Sənəd geoloji kəşfiyyat və yataqların işlənməsindən tutmuş müasir texnologiyaların tətbiqinə və emal güclərinin genişləndirilməsinə qədər genişmiqyaslı və uzunmüddətli tərəfdaşlıq perspektivləri açır.
“Report”a eksklüziv müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov geoloji kəşfiyyat işlərinin başlanmasının vaxtı, sınaq hasilatının perspektivləri, neft emalı güclərinin inkişafında Azərbaycanın rolu və Daşkənd ilə Bakı arasında əməkdaşlığın yeni istiqamətləri barədə danışıb.
Müsahibəni oxuculara təqdim edirik:
– Bu yaxınlarda Üstyurd regionundakı investisiya blokları üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. Geoloji kəşfiyyat işlərinin nə vaxt başlanması gözlənilir?
– Təsdiq olunmuş “yol xəritəsi”nə əsasən, Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlanması 2026-cı ilin birinci rübünə nəzərdə tutulub. Bu, təşkilati-hazırlıq mərhələsi başa çatdıqdan və bütün lazımi icazələr alındıqdan sonra mümkün olacaq.
– HPBS çərçivəsində iştirak edən tərəflərin payları necə bölüşdürülüb? Söhbət sabit paylardan gedir, yoxsa daha çevik modeldən istifadə olunacaq?
– Bu mərhələdə payların bölüşdürülməsi paritet əsasda həyata keçirilir. Eyni zamanda, iştirak strukturu layihənin icra mərhələsindən asılı olaraq tətbiq oluna bilən çevik tənzimləmə mexanizmini nəzərdə tutur.
– Məlumdur ki, kəşfiyyat mərhələsində operator SOCAR olacaq. Bu mərhələdə bəs “Özbəknefteqaz”ın rolu nədən ibarətdir? Gələcəkdə operatorluğun sizə ötürülməsi nəzərdə tutulurmu?
– Birinci mərhələdə “Özbəkneftqaz” institusional və texniki dəstək göstərir, daha dəqiqi, icazələrin alınmasında köməklik göstərir, geoloji və geofiziki məlumatları ötürür, dövlət qurumları ilə qarşılıqlı əlaqədə olur. Operatorluq funksiyalarının mümkün ötürülməsi məsələsinə isə əldə edilmiş nəticələr və tərəflərin strateji hədəfləri əsasında baxılacaq.
– Layihənin “yol xəritəsi”ndə hansı müddətlər nəzərdə tutulub, geoloji kəşfiyyat işlərinin başlanmasından hasilata qədər olan dövr nə qədərdir? Pilot mərhələ planlaşdırılırmı?
– HPBS-nin şərtlərinə uyğun olaraq, geoloji kəşfiyyat mərhələsi beş il üçün nəzərdə tutulub. Sənaye ehtiyatları təsdiq olunarsa, layihə sınaq istehsalına və hasilat texnologiyalarının sınaqdan keçirilməsinə keçəcək.

– Üstyurd regionunda bu investisiya blokları üzrə əvvəllər geoloji kəşfiyyat və ya seysmik kəşfiyyat işləri aparılıbmı? Hazırlı tərəfdaşlar üçün əlçatan olan arxiv məlumatları mövcuddurmu?
– Bəzi bloklarda həqiqətən də geofiziki və geoloji kəşfiyyat işləri aparılıb. “Özbəkneftqaz” müəyyən edilmiş qaydada şirkətin sərəncamında olan cari geoloji, seysmik və qazma materiallarını, o cümlədən əvvəlki layihələr çərçivəsində əldə edilmiş məlumatları tərəfdaşlara ötürür.
– Birinci mərhələdə geoloji kəşfiyyat işlərinin maliyyələşdirilməsi hansı mənbələrdən həyata keçiriləcək? Xarici maliyyə və ya dövlət dəstəyi cəlb olunacaqmı?
– İlkin mərhələdə maliyyələşdirmə investorlar tərəfindən, öhdəliklərin tərəflər arasında bərabər bölüşdürülməsi ilə həyata keçirilir. Lazım gələrsə, xarici maliyyə cəlb edilə bilər. Dövlət də öz növbəsində, HPBS çərçivəsində xüsusi vergi rejimi də daxil olmaqla, əlverişli vergi və hüquqi şərait yaradır.
– Daha əvvəl “Özbəkneftqaz”ın Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində mümkün iştirakı müzakirə olunurdu. Bu istiqamətdə hələ də marağınız varmı?
– “Özbəkneftqaz” SC beynəlxalq layihələrdə, o cümlədən Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə strateji maraq göstərir. Biz dialoqa açığıq və SOCAR ilə potensial tərəfdaşlıq üçün müxtəlif ssenariləri təhlil edirik.
– “Şahdəniz”dən başqa, “Abşeron”, “Azəri-Çıraq-Günəşli”, “Ümid-Babək” kimi Azərbaycanın digər böyük yataqları şirkətiniz üçün maraqlıdırmı? “Özbəkneftqaz”ın investor, operator və ya texnoloji tərəfdaş kimi onlarda iştirak variantları nəzərdən keçirilirmi?
– “Özbekneftqaz” Azərbaycanda aparıcı layihələrdə iştirak etməkdə maraqlıdır. Biz həm investisiya formatında, həm də texnologiya mübadiləsi və istehsal kooperasiyası çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk.

– Azərbaycanda digər birgə layihələrlə bağlı SOCAR ilə danışıqlar aparılırmı? Kəşfiyyat, yeraltı qaz anbarı, qaz kimyası və ya LNG sahələrində bu mümkündürmü?
– “Özbəkneftqaz” və SOCAR daimi dialoq aparır, əməkdaşlığın perspektivli sahələrini araşdırırlar. Bu mərhələdə neft-qaz sənayesində proseslərin rəqəmsallaşdırılması, “yaşıl” texnologiyaların tətbiqi və sənaye təhlükəsizliyinin təkmilləşdirilməsi kimi prioritet sahələrdə qarşılıqlı fəaliyyət imkanları müzakirə edilir. Əminik ki, davamlı tərəfdaşlıq təkcə iqtisadi maraqlar üzərində deyil, həm də texnoloji və ekoloji inkişafa müasir yanaşmalar əsasında qurulmalıdır.
– Özbəkistanla Azərbaycan arasında neft-kimya sahəsində əməkdaşlıq hansı mərhələdədir? Birgə müəssisələrin yaradılması, xammal tərəfdaşlığı, texnologiya mübadiləsi kimi qarşılıqlı fəaliyyət formatları nəzərdən keçirilirmi?
– “Özbəkneftqaz” üçün neft emalı və neft-kimya potensialının inkişafı mühüm milli prioritetdir. Bu sahədə biz beynəlxalq təcrübəni və qabaqcıl texnoloji həlləri, o cümlədən Azərbaycanla ikitərəfli və çoxtərəfli əməkdaşlıq potensialını fəal şəkildə öyrənirik. Birgə müəssisələrin yaradılması və ya texnologiya mübadiləsi məsələləri tərəflərin maraqları razılaşdırıldıqca inkişaf etdirilə bilər.

– Özbəkistanda Azərbaycan tərəfinin iştirakı ilə neft-qaz emalının və ya neft-kimya məhsullarının istehsalının lokallaşdırılması imkanları nəzərdən keçirilirmi? Belə layihələr üçün yerlər müəyyən edilibmi?
– Emal və neft-kimya potensialının inkişafı milli enerji siyasətinin əsas istiqamətlərindən biridir. Bu kontekstdə “Özbəkneftqaz” beynəlxalq tərəfdaşlarla, o cümlədən SOCAR ilə logistik, infrastruktur və texnoloji amilləri nəzərə alaraq müxtəlif əməkdaşlıq modellərini araşdırır.
– Üçüncü ölkələrə neft-kimya məhsulları və ya karbohidrogenlərin ixracı üçün Azərbaycanla birgə müəssisə yaratmaq planlaşdırılırmı? Hansı bazarlar və istiqamətlər (upstream, emal, logistika, ticarət) ən perspektivli görünür? Yaxın gələcəkdə təqdim oluna biləcək pilot layihələr varmı?
– “Özbəkneftqaz” və SOCAR 2023-cü ilin sonunda yaradılmış birgə ticarət şirkəti vasitəsilə beynəlxalq karbohidrogen ticarəti sahəsində artıq əməkdaşlıq edirlər. Bu tərəfdaşlıq çərçivəsində logistik marşrutların optimallaşdırılması və əsas ixrac bazarlarına, o cümlədən Türkiyə, Avropa İttifaqı ölkələri və digər ölkələrə çıxış üçün işlər aparılır. Gələcəkdə həm fiziki treydinq seqmentində, həm də üçüncü ölkələrə çevik çatdırılma sahəsində genişlənmə imkanları araşdırılır.