“Respublika Perinatal Mərkəzi”indəki yanğınla bağlı direktor və şöbə rəislərinin məhkəməsi baş tutub

Baş səhifə

Bakı.Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin növbəti prosesi baş tutub.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
Firuzə Məmmədova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır:

“Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi.
Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda olurdu.
Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı
çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə baölı
Mehriban Abasquliyeva bildirsək də, bizə qapını göstərirdi. Uşaq
çoxluğundan elektik uzadıcısından istifadə edirdik. Həmin
uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin
uzadıcılara da uzadıcı qoşulurdu. Hətta paneldə açıq hissələr var
idi. Məni və digər tibb bacılarını elektrik vurmuşdu. Rəhbərliyə
bildirsək də nəticə olmurdu”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahid
məhkəmədəki ifadəni təsdiq edib.

Daha sonra şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində
çalımış Günel Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və mərkəzdə
iki il fəaliyyət göstərib:

“Əvvəllər Yenidoğulmuşların intensiv terapiya bölməsində iki
otaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyin
edildikdən sonra otaq sayı 4 oldu. Hətta bu sayı 6 etmək
istəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi az
idi. Bununla bağlı biz rəhbərliyə, o cümlədə Mehriban Abasquliyeva
bildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək
“Kim istəyirsə, ərizəsini yazıb yazıb işdən çıxa bilər, qapı
açıqdır”,- deyirdi. Mərkəzdə uşaq həddindən artıq çox idi. İş
ağırlığından su belə içməyə vaxt olmurdu ”.




Daha sonra şahid qismində İlahə Nuriyeva ifadə verib:

“İş yükümüz çox ağır idi. Əvvəl həm otaq, həm də uşaq sayı az
idi. Lakin otaq sayı 4 olduqda işimiz çox ağırlaşdı. Tibb bacısı az
idi. Bununla bağlı rəhbərliyə məlumat versək də, bir xeyri olmadı.
Otaqda əvvəllər küveyz sayı 3-dək olurdu. Lakin sonradan bu say
4-dən artıq oldu. Panellərə uzadıcı qoşurduq. Həmçinin panellərdə
açıq olan hissələr var. Bizi “tok” vururdu. Rəhbərliyə məıumat
versək də, tədbir görülümürdü”.

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3
(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət
işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki,
Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya
şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi
dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7
yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə
361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il
tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin
tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə
qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin
elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb
olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika
Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam
Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.