Azad, abad Laçın, Şəhər Günün mübarək! – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci
Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycanın
hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi
olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən həmin
il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən
boşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və
Sus kəndləri nəzarətə götürüldü. 2022-ci il 26 avqust tarixində
dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqına bu müjdəni
çatdırdı: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın
şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi.
Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və
Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın!
Yaşasın Azərbaycan!”

Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə
xidmət edən mühüm addımlarından biri 31 iyul 2023-cü il tarixli
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə
şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Bu sənədə
əsasən artıq üçüncü ildir ki, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd
edilir. Təbii ki, şəhər günlərinin təsis edilməsi özündə mühüm
çağırışları ehtiva edir. Bu günlər indiki və gələcək nəsillərə
tarixi Zəfərimizə gedən yolun reallıqlarını çatdırmaqla yanaşı,
artıq işğal deyil, torpaqlarımızın azad edildikləri tarixi
yaddaşlarına əbədi həkk etməyi bir tələb kimi qarşıya qoyur.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi,
44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli
gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır.
Bir dənə də olsun fərari olmamışdır. Bu, onu göstərir ki, bütün
xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır
idi.

Trend
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, böyük strateji əhəmiyyətə malik
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik
təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak
olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil,
142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və
müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə
məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal
müəssisələri işğalçılar tərəfindən məhv edilib, beynəlxalq və yerli
əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Laçının
ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər,
xəyanət dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etməyə can
atırdı. Hakimiyyəti ələ keçirmək üçün ən çirkin əməllərə əl
atdılar, təcavüzkar Ermənistan tərəfindən Şuşanın, Laçının işğal
edilməsinə şərait yaratdılar. Beləliklə Şuşa, Laçın düşmənə təhvil
verildi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə
idi. Amma Laçının işğalı strateji nöqteyi-nəzərindən fəlakət idi.
Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında
coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz
Şuşa və Laçının itirilməsi oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, otuz ilə yaxın dövrdə erməni
vandalizminə məruz qalan Laçın bu gün özünün yeni dövrünə qədəm
qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim
diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna 8 dəfə
səfər edib. Bu səfərlər Böyük Qayıdışa xidmət edən mühüm sosial
obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə
yadda qalıb. 2023-cü ilin 28 May-Müstəqillik Günü laçınlıların
Laçın şəhərinə qayıdışı ilə tarixə yazıldı. Dövlətimizin başçısı
İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin
açarlarını onlara təqdim edərkən azad edilmiş torpaqlarımızda
aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinin fonunda bu
çağırışı səsləndirmişdir ki, biz öz doğma torpaqlarımızı
işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi
Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün
bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər –
hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat
yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə
etdiyi uğurları ilə eyni səviyyədə olsun.




Milli Məclisin deputatı bildirib ki, bütövlükdə Laçında 1000-dən
çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi
ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi
istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli
bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir.
Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın tikintisi
planlaşdırılır. Laçının bərpası konsepsiyasında şəhərin turizm
potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır.
Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin
yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri
də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir.
Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə
46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq
təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən
təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə
mərkəzi və digər müəssisələr yaradılacaq. Laçın rayonunda
heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda
yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə
başlayıb. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili
istiqamətində də tədbirlər həyata keçirilir. Təbii ki, bunlar
görülən və görüləcək işlərin yalnız az bir hissəsidir. Bütün bunlar
bu reallığı təsdiqləyir ki, müasir tələblər səviyyəsində həyata
keçirilən bərpa-quruculuq işlərində əsas hədəf dogma yurda qayıdan
soydaşlarımızın yaşayış şəraitinin və məşğulluğunun yüksək
səviyyədə təmin edilməsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü ilin 28 may tarixindən
başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.
Laçınlılar 31 ildən sonra öz doğma şəhərlərinə, kəndlərinə
qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın
şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra
dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya
yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək
Laçın şəhərinə 571, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylik
kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib. Təbii ki, bu
rəqəmlər son deyil. Soydaşlarımızın mərhələ-mərhələ azad edilmiş
şəhər və kəndlərə qayıdışı davam edir.

Millət vəkili diqqəti bu ilin 28 May-Müstəqillik Günündə dövlət
başçısı İlham Əliyevin Laçın rayonuna səfərinə yönəldərək tarixə
yazılan iki mühüm hadisədən bəhs edib. Həmin tarixdə Azərbaycan və
Türkiyə Prezidentlərinin iştirakı ilə işğaldan azad edilmiş
ərazilərimizdə sayca üçüncü olan Laçın Beynəlxalq Hava Limanının
açılışı oldu. 28 May-Müstəqillik Günündə Azərbaycan, Türkiyə və
Pakistan liderlərinin Laçın şəhərində Zirvə görüşü keçirildi. Laçın
şəhəri diplomatik mərkəz kimi dünyanın diqqətində oldu. Bu məkandan
tarixi Zəfərimizin reallıqları fonunda yaradılan yeni əməkdaşlıq
formatı təqdim edildi. Zirvə görüşündə bu fikir səsləndirildi ki,
füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə
uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç
kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan
əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə
əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Onu da
qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü
il tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin
mədəniyyət paytaxtı elan olunub.

Vüqar Rəhimzadə bildirib ki, azad Qarabağımız və Şərqi
Zəngəzurumuz sözün əsl mənasında cənnət məkana çevrilir. Bu
torpaqlara qayıdan soydaşlarımızın timsalında isə Azərbaycan
xalqının əyilməz ruhunu görürük.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir