
Bakı. Trend:
Bu ilin I yarımilində elektron satınalmaların həcmi 1 milyard
632,7 milyon manat təşkil edib.
Bu barədə Trend Prezident yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü (1 milyard 455,7 milyon
manat) ilə müqayisədə 12,2% artım qeydə alınıb. Müsbət dinamika
dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında
funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi,
təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət
imkanlarının artması ilə bağlıdır.
Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət
büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən
38,6% artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələr
dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin
minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına
təmin edilib.
Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə
orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu
metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta
iştirakçı sayı ümumilikdə 2,8% artıb, o cümlədən açıq tender metodu
üzrə 7,5% artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu
göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4)
təşkil edib. Çoxiştirakçılığın təmin edilməsi satınalma
proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara
çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə
sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına
töhfə verir.
Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi
və ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərin
çevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb. Satınalan
təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar
Agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239
müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin
pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.
Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da
asanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsi
məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin
“E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldə
olunması üçün Agentlik tərəfindən Mərkəzi Bank, İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxili
İşlər Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.
Bundan əlavə, portalda satınalma komissiyası tərəfindən şərtlər
toplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərə
alınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiş
təkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidən
yaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistem
daxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçid
imkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavə
edilməklə təkmilləşdirmələr aparılıb.
Qeyd edək ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin
əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul
tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə
bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.

