
Bakı. Trend:
Heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi malların
Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)
rəsmi məlumatlarına əsasən, Mərakeşin Beni Mellal-Henifra,
Rabat-Sale-Kenitra regionlarında, Sloveniyanın Qorişka regionunda
blutanq xəstəliyi, Misirin Əl Buheyrə vilayətində, İndoneziyanın
Açeh, Şərqi Yava, Banka-Belitunq, Banten, Bengkulu, Qərbi Yava,
Qorontalo, Cokyakarta, Mərkəzi Yava, Qərbi Kalimantan, Mərkəzi
Kalimantan, Şərqi Kalimantan, Riau, Qərbi Sulavesi, Cənubi
Sulavesi, Mərkəzi Sulavesi, Cənub-Şərqi Sulavesi, Qərbi Sumatra,
Sumatera Utara əyalətlərində dabaq xəstəliyi, Amerika Birləşmiş
Ştatlarının Kaliforniya ştatında, Argentinanın Buenos Ayres
əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
“Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması
məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan
ərazilərdən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, AQTA tərəfindən
müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub”, – deyə məlumatda deyilir.