Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq – Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş şəxs

Baş səhifə

Bakı. Trend:

Avqustun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə
prosesində ifadə verən zərərçəkmiş şəxs Sabir Quliyev Şuşanın
işğalı zamanı dinc əhaliyə humanitar dəhlizin verilmədiyini
bildirib.

Trend xəbər
verir ki, S.Quliyev Şuşanın Göytala kənd sakini olduğunu, 1992-ci
il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq deyib:
“Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir
Quliyevin meyiti hələ də tapılmayıb”.

“Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz
vermədi. Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz
qaldıq. Orada yaşlı qadın həlak oldu”, – deyən zərərçəkən əlavə
edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının
qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi
başdaşlarının çıxarıldığını görüb.

“Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar.
Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər.
Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki…”, – deyə o diqqətə
çatdırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.