
Bakı. Trend:
Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin
genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən
biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində
fəaliyyəti isə xüsusi önəm daşıyır.
Trend xəbər
verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə , Azərbaycan türkdilli dövlətlərlə
ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim
diqqət mərkəzində saxlayır.
“Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun
dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb
edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində
Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü
keçirilib.”
K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan
razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq:
“ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi
əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması
Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən
biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin
yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu
kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla
siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında
Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə
Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr
göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri
üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada
Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif
irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu
türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına,
Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi
qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki,
Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da
çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq
şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq
imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə
olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan
arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında
Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ
şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında
Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında
nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi
mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin
daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”
K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə
olduğunu vurğulayaraq deyib:
“Cənab Prezident İlham Əliyevin bəyanatında
Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri
üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün
Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin
fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana-
dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük
hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi
özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik
orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki,
Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi
dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər
üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.

