
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi
istiqamətində həyata keçirilən mühüm layihələrə verdiyi dəstəyi
davam etdirir.
Bu il Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə
(ANAMA) daha iki xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib.
Belçika Malinuası cinsinə məxsus, “Inam” və “Ümid” adları verilmiş
itlər beynəlxalq standartlara uyğun xüsusi təlim proqramını uğurla
tamamlayıb və yaxın günlərdə Füzuli rayonunda minalardan təmizləmə
əməliyyatlarında iştirak edəcəklər.
İdarə Heyətinin sədri, baş icraçı direktor Cavid Quliyevin
sözlərinə görə, “PAŞA Bank” ölkəmizin aparıcı korporativ bankı
olaraq yalnız iqtisadiyyatın inkişafına töhfə verən maliyyə
xidmətləri ilə deyil, həm də cəmiyyətimiz üçün strateji əhəmiyyət
daşıyan sosial layihələrə dəstək göstərməklə fəxr edir.
“İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi,
yenidən canlanaraq inkişaf və tərəqqi ilə çiçəklənməsi mühüm
addımdır. İnanırıq ki, məsuliyyətli korporativ vətəndaş kimi
reallaşdırdığımız bu təşəbbüs Azərbaycanın daha təhlükəsiz,
dayanıqlı və rifahlı gələcəyinin qurulmasına töhfə verəcək”, –
deyə, C.Quliyev bildirib.
ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov “PAŞA
Bank”ın humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyin
xüsusi əhəmiyyətini vurğulayıb.
“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və keçmiş
məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı
istiqamətində görülən humanitar minatəmizləmə fəaliyyətinə verdiyi
dəstəyə görə “PAŞA Bank”a minnətdarıq. Bu prosesdə minaaxtaran
itlərin tətbiqi ən səmərəli üsullardan biridir”, – deyə, S.Poladov
qeyd edib.
Xatırladaq ki, “PAŞA Bank” həmçinin 2021-ci ildə ANAMA və ABŞ-ın
Marşal İrsi İnstitutu (MLI) arasında imzalanmış Anlaşma Memorandumu
çərçivəsində Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran itin
gətirilməsinə də töhfə verib.