
Bakı.Trend:
Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində
şəffaflığın və səmərəliliyin artırılması, eyni zamanda
rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ
başlanır.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il
tarixli Fərmanı ilə dövlət maliyyəsi sahəsində rəqəmsallaşma və
müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Yeni
fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların
tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə
intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli
istifadəni təmin edəcək.
Bildirilib ki, fərmana əsasən Maliyyə Nazirliyi tərəfindən
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. Bu
sistem dövlət büdcəsinin gəlir və xərclərinin, vergi və gömrük
daxilolmalarının, dövlət mülkiyyətində olan hüquqi şəxslərin
maliyyə göstəricilərinin, audit və mühasibat uçotunun, dövlət
borcunun və maliyyə öhdəliklərinin vahid elektron platforma
üzərindən izlənilməsini təmin edəcək. Bununla da rəqəmsal
texnologiyaların tətbiqi ilə dövlət maliyyəsinin idarə edilməsində
şəffaflıq, operativlik və nəzarət gücləndiriləcək.
“Fərmana müvafiq olaraq dövlət müəssisələrinin və publik hüquqi
şəxslərin büdcə layihələri və icra göstəriciləri mütəmadi təhlil
ediləcək və nəticələr Azərbaycan Respublikasının Prezidentinə
təqdim olunacaq.
Yeni yanaşmalar olaraq büdcə daxilolmaları üzərində nəzarətin
artırılması, dövlət sektorunda elektron satınalma müqavilələrinin
tam tətbiqi, səmərəliliyin və şəffaflığın artırılması, büdcə
vəsaitlərinin ünvanlı icrası, büdcə xərclərinin optimallaşdırılması
və xərc normativlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur”, –
deyə məlumatda”, – deyə məlumatda qeyd olunub.

