
Bakı. Trend:
Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya
Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla
parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin
Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Trend
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan Milli Məclisin Rumıniya ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev
ölkəmizə səfəri çərçivəsində Nikulesku-Tsıqırlaşın Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində olmasını, “Heydər Əliyev”
zirvəsinə yürüşünü yüksək dəyərləndirib, parlamentlərarası
əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət
təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının
əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Söhbət zamanı Azay Quliyev
beynəlxalq təşkilatlarda əlaqələrin önəmi və parlament
diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.
Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən
Kristian-Auqustin Nikulesku-Tsıqırlaş rəhbərlik etdiyi nümayəndə
heyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri ilə bağlı
təəssüratlarını bölüşüb, Ulu Öndərin xatirəsinə dərin ehtiramının
ifadəsi olaraq “Heydər Əliyev” zirvəsinə yürüşündən danışıb. O,
Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və
quruculuq işlərini yüksək qiymətləndirib, ölkələrimiz arasında
əməkdaşlığın potensialı və parlamentlərarası əlaqələrin inkişaf
etdirilməsi ilə bağlı fikirlərini bildirib.
Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvləri Kamal Cəfərov, Aydın Mirzəzadə və Samir Vəliyev,
Rumıniyanın Maramureş Vilayət Vəkillər Kollegiyasının rəhbəri
Florin Andreykuts çıxış edərək ölkələrimiz arasında münasibətlərin
yüksək səviyyəli siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini
bildiriblər. Deputatlar həm ikitərəfli formatda, həm parlamentlər
səviyyəsində, həm də beynəlxalq platformalar çərçivəsində
qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra da davam
etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir
mübadiləsi ilə davam etdirilib.
Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və digər
rəsmi şəxslər iştirak ediblər.

