Bu ilin 7 ayında xarici bazarlara 313 milyon dollar dəyərində meyvə ixrac olunub

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının
salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib.

Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə
əlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda bağçılığa dövlət dəstəyinin
artırılması, müasir standartlara uyğun intensiv bağların
salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı
məhsullarının istehsal və ixracının artmasına müsbət təsir
edir.

Ötən illər ərzində yürüdülən meyvə bağlarının
subsidiyalaşdırılması siyasəti bütün istiqamətlər üzrə özünü
doğruldub. Ölkədə müasir intensiv bağların sahəsi genişlənib,
müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb, su və torpaq
resurslarından səmərəli istifadə səviyyəsi yüksəlib, ən əsası
xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi
artım qeydə alınıb. Bu nəticələr subsidiyalaşmaya ayrılan dövlət
vəsatinin dəfələrlə çox miqdarda səmərəli geri dönüşünün təmin
olunması deməkdir.

İntensiv bağçılığın dövlət tərəfindən subsidiyalaşdırılması ilə
ölkəmizdən xarici bazarlara meyvə ixracının artması arasında
bağlılıq mövcuddur. 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurası
tərəfindən meyvə bağlarının salınmasına ümumilikdə 171,3 min manat
əkin subsidiyası ayrılıb. Qeyd olunan dövrdə ölkəmizdən xarici
bazarlara təxminən 2,22 milyard manat dəyərində meyvə ixrac edilib.
2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənin
dəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur.
Müasir intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır,
3-4-cü illərdə artıq həmin bağlardan ciddi miqdarda məhsul
yığılaraq daxili və xarici bazarlarda realizə edilir. Yəni, 2020-cu
ildə salınmış meyvə bağlarından artıq 2022-ci ildən ciddi həcmdə
məhsul yığılmağa başlayır. Bu səbəbdən ayrılan subsidiyaların
həcminin meyvə ixracının artımı şəklində geri dönüşü təxminən 2-3
ildən sonra özünü göstərir.

Bu fikri 2020-2024-cü illər üzrə subsidiya və meyvə ixracatı
rəqəmlərinin iki illik periodlarda təhlili təsdiqləyir. Məsələn,
2020-cu ildə intensiv meyvə bağlarının salınmasına dövlət
tərəfindən 30 milyon manata yaxın subsidiya ayrılıb, iki il sonra
2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmində əvvəlki illə
müqayisədə 38,7 mln. manat (+8,7 mln. manat) artıb. Eyni qaydada
2021-ci ildə intensiv bağlara 33,8 milyon manat subsidiya verilib,
2023-cü ildə meyvə ixracında 65 milyona manata yaxın (+31
mln.manat) artım qeydə alınıb. Yəni, intensiv meyvə bağlarının
subsidiyalaşdırılması müqabilində meyvə ixracı dəfələrlə artır və
bağların salınmasına ayrılan dövlət vəsaiti bağlar bara düşdükdən
sonra dəfələrlə artıq miqdarda geri dönür.




Cədvəldən də göründüyü kimi, son beş il ərzində intensiv
meyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28%, meyvə
ixracı isə 41% artıb. Artım göstəriciləri arsındakı nisbət intensiv
bağçılığın inkişafına yönəlmiş dövlət dəstəyi siyasətinin düzgün
müəyyən olunduğunu, ayrılan subsidiyaların artan ixracat formasında
səmərəli geri döndüyünü təsdiqləyir.

Subsidiyaların əlavə dəyər yaradılması baxımından səmərəli geri
dönüşünü meyvəçilik sahəsi ilə yanaşı, tərəvəzçilik, taxılçılıq və
kənd təsərrüfatının digər sahələrində də görmək mümkündür.

İntensiv meyvə bağlarının salınmasına dövlət dəstəyinin
gücləndirilməsinin meyvə ixracatının artımına müsbət təsiri
tendensiyası 2025-ci ildə də davam edib. Bu ilin yanvar-iyul
aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici bazarlara
qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud
və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar
ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının
salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilin
yanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyon
dollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracının
dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan
məbləğdən 7,2 dəfə çoxdur. Bu rəqəmlər ayrılan subsidiyaların
məbləğinin geri dönüş səviyyəsinin kifayət qədər yüksək olduğunu
göstərir.

Aqrar Subsidiya Şurasının 2024-cü il avqust qərarına əsasən,
ötən ilin 1 sentyabr tarixindən bu il mayın 31-dək dağlıq və
dağətəyi ərazilərdə salınan fındıq bağlarının hər hektarına 4400
manat, qoz bağlarının hər hektarına 3300 manat, nar bağlarının hər
hektarına 3000 manat, limon və kinkan bağlarının hər hektarına
11600 manat, naringi və portağal bağlarının hər hektarına 9600
manat, şaftalı və ərik bağlarının hər hektarına 4000 manat, alma
bağlarının hər hektarına 11000 manat, armud bağlarının hər
hektarına 8000 manat, gilas bağlarının hər hektarına 10000 manat
birdəfəlik əkin subsidiyası verilir. Bundan başqa növbəti 4 il
ərzində bu bağların hər hektarına görə fermerlərə hər il 800 manat
əkin subsidiyası verilir.

Qeyd olunan meyvələr üzrə intensiv bağların salınmasının artıq
bir neçə ildir dövlət tərəfindən subsidiyalar ayrılması şəklində
dəstəklənməsi həm xarici bazarlarda rəqabətədavamlı meyvə
istehsalının artmasını, həm də ixracın həcm və dəyər olaraq
yüksəlməsini təmin edir.